Daha bir şirkət Azərbaycanı tərk edir

Bakı

"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti nümayəndəliyini bağlayır

"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir.

Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib. Bildirilir ki, nümayəndəlik bu il sentyabr ayının 15-dən ləğv olunacaq.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Bu, Azərbaycanı tərk edən ilk şirkət deyil. 2015-ci ildən etibarən bir çox şirkət Bakıdakı nümayəndəliyinin fəaliyyətini dayandırıb.

Bu ilin yanvarın 18-də “Champion Technologies Russia & Caspian BV” şirkəti də Azərbaycan filialının bağlandığını elan etmişdi. Şirkət Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərirdi. Xüsusi reagentlərin geniş çeşidini təqdim edir, neft-qaz sənayesində yaranan texniki problemlərin həllini təmin edirdi. Şirkətin təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də Azərbaycandakı filialını bağlayıb. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bəhri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edilib.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirilib. O, sonradan adını dəyişib “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan edib. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi də var.

Baş verən iqtisadi proseslərdən sonra bir neçə xarici ölkə brendi ("Jumeirah”, "Kempinski” və digərləri) Azərbaycanı tərk edib.

2016-cı il dekabrın 16-da Milli Məclis Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunub, 83 dəyişiklik edilib.

Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, normal bir ölkədə Vergi Məcəlləsinə bir gündə bu qədər əlavə və dəyişikliklər olsaydı, biznes etiraz edər, orta və kiçik sahibkarlar bəyanatlar yayar, böyük biznes isə hökumətdən izah tələb edərdi:

“Normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar - necə ki, son həftələrdə onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir. Bu faktın özü belə sübut edir ki, bizdə iqtisadiyyat, biznes, bazar iqtisadiyyatı yoxdur, məmur, onların biznesi və maraqları var”.