General oğlunun məhkəməsi başladı

Rüstəm Orucov özünü təqsirli bilməyib

Binəqədi Rayon Məhməməsində general Novruzəli Orucovun xuliqanlıqda təqsirləndirilən oğlu Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Meydan TV-nin məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. R.Orucov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. 

İttiham altına görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur. N.Orucov tutuduğu vəzifədən azad edilib.