''Suriya və İraqda terrorçulara qoşulan azərbaycanlıların çoxu öldürülüb''

Suriya, İŞİD Fotoqraf: RT

 

General-mayor İlqar Musayev: Son 1 ildə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib

Terrorçu təşkilatlara qoşulan 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son 1 ildə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib.

Bu açıqlamanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev sentyabrın 12-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda deyib (report.az).

General-mayor İlqar Musayev təəssüflə bildirib ki, əksəriyyəti gənclər olan bir qism Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında ölkəmizə yaxın Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub. Onların çoxu döyüşlər zamanı öldürülüb. 

İlqar Musayev Ermənistan ordusu ilə təmas xəttindəki yaşayış məntəqələrinə yaxın ərazılərlə bağlı bir sıra məqamlara da toxunub:

"Ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkədə və mobil telefon vasitəsilə bölüşürlər. Bununla da onlar düşmənə cəbhə xəttində əməliyyat şəraitini sürətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar".

General-mayor İlqar Musayev
General-mayor İlqar Musayev. Fotoqraf:: İnterfax

O, bu cür halların zabit və əsgərlərin həyatına ciddi təhlükə yaratdığını vurğulayıb: 

“Ümumiyyətlə, hər bir vətəndaş xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərərvura biləcək hər hansı məlumatları yayılmasından çəkinməlidir. Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanılmasına xüsusi önəm verir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbiçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edlə biləcək naməlum və açıq wifi efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımız unutmamalıyıq".