''Azadlıq'' qəzetinin bölgə müxbirinə iş verilib

Ziya Əsədli Fotoqraf: sosial şəbəkə

Ziya Əsədli xuliqanlıqda ittiham edilir

Biləsuvar Rayon Məhkəməsi "Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlini 3 il müddətinə azadlıqdan məhrum edib. O, xuliqanlıqda ittiham edilir.

Məlumatı "azadlıq.info" yayıb.

Polisin ittihamına görə, Ziya Əsədli rayonda yerləşən çayxanaların birində xuliqanlıq hərəkəti edib. Jurnalist ittihamı qəbul etmir. Bildirilir ki, əslində uydurma cinayət hadisəsinin baş verdiyi zaman Ziya Əsədli həmin çayxanada olmayıb və heç kimlə də heç bir konflikt yaşamayıb:

"Yerli polis onun üzünə durmağa adam da tapıb ki, bu, Azərbaycan polisinin praktikasında adi hallardan birinə çevrilib. Ziya Əsədlinin guya xuliqanlıq etdiyi deyilən çayxana yerli polisin mayor rütbəli Vaqif adlı zabitinə məxsusdur. Polis zabiti öz çayxanasında müxalifətçilərə çay satılmasını qadağan edib və buna görə də Ziya Əsədli həmin çayxanaya getmir. Onun üzünə duran şəxs isə iddia edir ki, Ziya Əsədli həmin çayxanaya gəlib və dövlətə qarşı təxribatçı fikirlər səsləndirib" - sayt iddia edir.