İsmayıllıda terror hazırlamaqda şübhəli bilinən şəxs öldürülüb

Dövlət Təhlükəsizlik Xidməti Fotoqraf: dtx.gov.az

Yaşar Cavadovun saxlanılmasına silahlı müqavimət göstərdiyi bildirilir 

Terror təşkilatına qoşulmaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Yaşar Oktay oğlu Cavadov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı öldürülüb. Hadisə avqustun 27-də baş verib.

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Yaşar Cavadovun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.

Faktla bağlı DTX-da başlanılmış cinayət işi üzrə İsmayıllı şəhəri ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlumatda bildirilir ki, bu zaman Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək, xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb. Nəticədə cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən öldürülüb.

"Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir" - məlumatda bildirilir.