''MTN işi'': Zərərçəkən Eldar Mahmudovun məhkəməyə gətirilməsini istədi

"Özbaşına heç kimi nazirliyə çağırmamışam"

"Elə başa düşülür ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb. Bu, düzgün deyil. Bizim şəxsiyyətimiz aşağılanır. Mən prezidentə sadiqəm və onun uğrunda ölməyə hazıram. Maqsud Mahmudovdan, ya da siqaret satandan pul almağa ehtiyacım olmayıb. Penitensiar xidmətə, təhsil sahəsinə, səhiyyə ocaqlarına nəzarət etmişəm. Pul lazım olsaydı, rahatlıqla onlardan ala bilərdim. Lakin indiyə kimi heç biri məni tanımayıb. Bu ittihamları mənə necə yapışdırırsınız?"

Meydan.tv-nin məlumatına görə, bunu avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən iclasda çıxış edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev deyib. Ondan əvvəl isə şahid çıxış edib.

Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə baxılır.

Elçin Quliyev vətəninə sadiq olan zabitdir

Prosesdə MTN-nin keçmiş əməkdaşı olan Emin Abbasov şahid qismində ifadə verib. O deyib ki, Elçin Quliyev vətəninə sadiq olan zabitdir və heç nədə günahı yoxdur:

"2010-cu ildən Xəzər rayon İcra Hakimiyyəti ilə MTN arasında konflikt olub. Mənim iş adamı olan dostum Vüqar Ağayevi nazirin qohumları sıxışdırırdılar. O da başını götürüb Amerikaya getmişdi. İndi gəlib və zərərçəkmiş kimi tanınıb. Onun Xəzər rayonunda olan 25 hektar torpaq sahəsini ələ keçirmək istəyirdilər. İcra başçısı isə buna razı olmamışdı. Bundan sonra başçının müavini Ələkbər Heydərov saxlanıldı. Eldar Mahmudov Vüqara məxsus olan torpağı almaq üçün Nizami Şirinov adlı nazirlik əməkdaşını Xəzər rayon icra başçısı Gülağa İslamovun yanına göndərmişdi. Nizami isə başçını saxta sənəd hazırlamaqda ittiham etmişdi. Əslində başçının əlində möhür var, istədiyini edər. Onun saxta sənəd nəyinə lazımdır? Başçı da Nizamini otağından qovmuşdu. Zəng edib Eldar Mahmudova demişdi ki,"bu səviyyəsizi niyə yanıma göndərmisən?" Konfliktə səbəb də bu olmuşdu. Lakin bunlardan Elçin Quliyevin xəbəri olmamışdı".

21 aydır niyə buradayam?

Emin Abbasov bildirib ki, intihar edən MTN zabiti İlqar Əliyevlə dost olub və İ.Əliyev ona Ə.Heydərovdan pul alaraq rəhbərliyə verdiyini deyib.

Elçin Quliyev isə bunlardan xəbəri olmadığını, özbaşına kimisə nazirliyə çağırmadığını deyib. O, heç kimdən pul almadığını bildirib: "Mən iclas başlayanda dedim ki, proses qapalı olsun və çəkiliş aparılsın. Günahkar olsaydım, bunu təklif etməzdim. Proses bitən kimi saytlar burada olanların hamısını yazırlar. Burada kiminsə marağı var. Mənim konfliktdən xəbərim olmayıb. 21 aydır niyə buradayam? Kiminsə mənimlə qərəzi var. Prokuror niyə məni tutdurmaq istəyir?"

Dövlət ittihamçısı isə vəzifəsinin dövlət ittihamını müdafiə etmək olduğunu deyib.

Eldar Mahmudov məhkəməyə gəlsin

Daha sonra Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovla bağlı vəsatət verib. O bildirib ki, S.Qurbanov siqaret qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiq edib:

"Sahib hər dəfə deyir ki, qaçaqmalçılığı Gömrük Komitəsi araşdırır. Lakin qaçaqmalçılıqla bağlı MTN-də böyük idarə olub. Bu, iqtisadi cinayətdir. Bir halda ki, istəyir onun işinə Gömrük Komitəsində baxılsın, xahiş edirəm materiallar komitəyə göndərilsin və barəsində tədbir görülsün".

Hakim deyib ki, sonda həmin məsələyə qiymət veriləcək.

Zərərçəkmiş Maqsud Mahmudov isə prosesdə Elçin Quliyevi bağışladığını deyib və Eldar Mahmudovun da məhkəməyə gətirilməsini istəyib:

"Eldar Mahmudovun oğlu fransızlarla şərab zavodu açır. Siz Sahib Qurbanovla bağlı danışdınız. Lakin məhkəmə Eldar Mahmudovla bağlı qərar qəbul edib və araşdırmaq üçün prokurorluğa göndərib. Nə qədər vaxt keçib, lakin prokurorluğun mətbuat xidməti açıqlama verib deyir: "Mənim məlumatım yoxdur". Hamı hər şeyi yaxşı bilir. Mən daha prosesə gəlməyəcəm".

Proses avqustun 22-də davam edəcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.