Azərbaycan gömrüyündə “yoxa çıxan” milyardlar

Dövlət Gömrük Komitəsi 2010-2015-ci illərdə 24.8 milyard dollar dəyərində idxal malının qeydiyyatını rəsmiləşdirməyib. Nəticədə 5 mlrd. dollarlıq vergi dövlət büdcəsindən yayındırılıb. Dövlət Gömrük Komitəsi idxalçı şirkətləri günahlandırıb. Ekspertlər isə deyir ki, prokurorluq məsələ ilə bağlı araşdırmaya başlamalıdır.

Azərbaycanın Dövlət Gömrük Komitəsi 2017-ci il aprel ayının ilk ongünlüyündə ölkəyə mal idxal edən şirkətlərin təqdim etdiyi qəbzlərlə orijinal qəbzlər arasında 2.4 mln. manat (1.4 mln. dollar) fərq müəyyən edib. Bəzi hüquqi və fiziki şəxslərin vergidən yayındığını deyən Gömrük Komitəsi 895 min  manatın dövlət büdcəsinə köçürülməsini təmin etdiyini açıqlayıb.

Əslində isə Azərbaycan gömrüyündə qeydiyyatı yayındırılan mallar milyardlarla dollar həcmindədir.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin verdiyi hesabatlara əsasən, 2010-2015-ci illərdə Azərbaycana 55.1 mlrd. dollar həcmində mal idxal olunub. Ticarət partnyoru ölkələrin BMT-nin Ticarət Statistikası şöbəsinə təqdim etdiyi rəqəmlər isə göstərir ki, bu illər ərəzində Azərbaycana 55.1 mlrd. yox, 79.9 mlrd. dollar dəyərində mal göndərilib. Bu, o deməkdir ki, Dövlət Gömrük Komitəsində 24.8 mlrd. dollarlıq idxal malının qeydiyyatı rəsmiləşdirilməyib, üstəlik idxaldan gələn 5 mlrd. dollarlıq vergi ödənişi dövlət büdcəsindən yayındırılıb.

gömrük_kənarlaşma

BMT-nin Ticarət Statistikası şöbəsi ilə Dövlət Gömrük Komitəsinin rəqəmləri arasında ən çox fərq 2012-ci ildən artmağa başlayıb. Ən yüksək fərq 2014-cü ildə müşahidə olunub -5.8 mlrd dollar.

2014-cü illə müqayisədə 2015-ci ildə malların qeydiyyata alınmaması 72% - 5.8 milyard dollardan 1.6 milyard dollaradək - azalıb.

Həmin ildə Azərbaycana ən çox Rusiya və Türkiyədən mal gətirilib. Ümumilikdə isə iyirmiyədək ölkədən idxal olunan malın dəyəri partnyor ölkələrin göstərdiyi rəqəmlərdən iki-üç dəfə az göstərilib.

gömrük_partnyorlar

İdxal rəqəmlərindəki fərq Dünya Bankının ticarət statistikası databazasında (WITS) da özünü göstərir.

Dünya Bankının Ticarət Statistikası bazasından bildiriblər ki, ticarət məlumatlarını əsasən BMT-nin Ticarət Statistikası bazasından götürürlər. Hesablama sisteminə gəlincə, idxal nəqliyyat və sığorta xərcləri daxil edilərək (CIF-cost insurance and freight), ixrac isə bu xərclər daxil olmadan (FOB-free on board) rəsmiləşdirilir.

“WITS”in qeyd etdiyi bu hesablama sistemini nəzərə alanda Azərbaycanın bəyan etdiyi rəqəmlər ticarət partnyorlarının göstərdiyi rəqəmlərdən yüksək olmalıdır. Amma əksinə, Azərbaycan Dövlət Gömrük Komitəsinin rəqəmləri iki, bəzən isə üç dəfə aşağıdır.

İqtisadçı ekspert Rövşən Ağayev hələ ötən il bu haqda öz bloqunda yazdığı analizində bildirib ki,  bir çox səbəblərə görə idxal və ixrac arasında 12-15 faiz kənarlaşma qəbuledilən sayılır: “Bu cür kənarlaşmanın əsas səbəblərindən biri “CİF” və “FOB” qiymətlərin tətbiqi ilə bağlıdır….Kənarlaşmanın başqa səbəbləri də var. Məsələn, bəzi ölkələrədə fiziki şəxslərin kiçik dəyərli mallar idxal zamanı qeydə alınmır, amma ixrac ölkəsində onun dəyəri rəsmiləşdirilir. Yaxud, malın çıxma tarixi çatma tarixindən fərqli olur. Dekabrın son günlərində ixrac olunan mal ixracatçı ölkədə köhnə ildə qeydiyyata alınır, idxalatçı ölkədə təzə ildə rəsmiləşdirilir. Amma bütün hallarda bütün obyektiv faktorlar hesabına yolverilən kənarlaşmanın 15%-i ötmədiyini beynəlxalq təşkilatların statistikası və tədqiqatları da təsdiqləyir.”.

R.Ağayev bildirib ki, faiz fərqinin böyük olması qeyri-leqal idxalın olmasına işarədir.

2010-2014-cü illərdə Azərbaycanın idxal rəqəmləri ilə ticarət partnyorlarının göstərdiyi ixrac rəqəmləri arasındakı fərq yalnız 2011-ci ildə 40 % - dən aşağı düşüb, 2014-cü ildə isə maksimum hədd 48 %-ə çatıb. Yalnız 2015-ci ildə kənarlaşma 16 %-ə düşüb.

Gürcüstanın Statistika Şöbəsi 2015-ci ildə Gürcüstandan Azərbaycana 240 mln. dollar həcmində mal ixrac edildiyini açıqlayıb. Azərbaycanın Gömrük Komitəsinin məlumatlarında bu rəqəm dörd dəfəyədək az - 68 mln. dollar göstərilib.

2015-ci ildə Gürcüstanın Azərbaycana ixrac, Azərbaycanın isə Gürcüstandan idxal etdiyi məhsulların siyahısını əldə etdik. Gürcüstanın Gəlir Xidməti ilə Azərbaycanın Statistika Komitəsinin siyahısını müqayisələndirəndə məlum oldu ki, rəqəmlər ya kəskin fərqlənir, ya da sıfırlanmış göstərilir. Bununla belə, siyahıda üst-üstə düşən rəqəmlər də var.

gömrük_az_ge

Azərbaycanın Statistika Komitəsinin ticarət statistika şöbəsinin rəhbəri Aida İbrahimova deyib ki, məhsulların siyahısı Dövlət Gömrük Komitəsinin məlumat bazası və Statistika Komitəsinin proqram təminatı əsasında hazırlanıb.

Azərbaycanda idxal olunan mallardan 18% əlavə dəyər vergisi (ƏDV) və minimum 5% olmaqla gömrük rüsumu tutulur. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri, müstəqil ekspert Zöhrab İsmayıl isə deyib ki, ƏDV və  gömrük rüsumunu nəzərə alsaq, böyük həcmdə vergidənyayınma halı baş verib: “24.8 milyard dollarlıq malın qeydiyyatının rəsmiləşdirilməməsi o deməkdir ki, 4-5 milyard dollarlıq vergi və rüsum büdcədən yayındırılıb və by məbləğ "cib"lərə gedib”.

İki il öncə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu 2008-2013-cü illərdə idxal payında fərqin 21 mlrd. dollar olduğunu açıqlamışdı.

Hüquqşunas Fuad Ağayev qeyd edib ki, Q.İbadoğlunun açıqlamasından sonra prokurorluq araşdırmaya başlamalı olduğu halda susmağa üstünlük verib: “Bu cür məlumatlar aşkara çıxanda və qismən də olsa təsdiqini tapanda cinayət işi başlanmalıdır”.

Dövlət Gömrük Komitəsi mövzu ilə bağlı sualları cavablandırmayıb.