Türkiyə prezidenti Ramil Quliyevi təbrik edib

Ramil Quliyev (Foto: PA)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atlet Ramil Quliyevi Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Məlumatı avqustun 11-də Türkiyə prezidentinin rəsmi saytı yayıb.
Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Londonda atletika üzrə keçirilən Dünya çempionatında 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticə ilə dünya çempionu olub.

Ramil Quliyev qələbədən sonra mətbuata müsahibəsində yarışa bir il əvvəldən hazırlaşdığını, qalib olacağına inandığını deyib.

O qeyd edib ki, məqsədi qarşıdan gələn Tokio Olimpiya Oyunlarında da qızıl medal qazanmaqdır.
Ramil Quliyev qələbəni Türkiyə və Azərbaycan bayraqları ilə qeyd edib.

O, məsələyə münasibət bildirərkən Azərbaycan bayrağını qaldırmağın arzusu olduğunu deyib.
Ramil Quliyev 1990-cı il mayın 29-da Azərbaycan Bakıda doğulub.

2007-2011-ci illərdə Azərbaycanın, 2011-ci ildən bu yana isə Türkiyənin şərəfini qoruyur.