Velosipedçinin ölümü ilə bağlı cinayət işi açılıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Qaradağ rayonu ərazisində baş verən velosiped qəzası ilə bağlı birgə məlumat yayıb. 

Bildirilir ki, 1992-ci il təvəllüdlü Nicat Nizam oğlu Quliyevin idarə etdiyi “Kia Cadenza” markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Akif Azər oğlu Abdullayev və 1993-cü il təvəllüdlü Fidan Rüstəm qızı Rəhimovanı vurduqdan sonra Ceyhun Valeh oğlu Bəylərovun avtomobilinə dəyərək dayanıb. Akif Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fidan Rəhimova müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriib:

“Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq dindirilib. N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə zəruri istintaq tədbirləri davam edir”.

Avqustun 9-u, səhər saatlarında Bakının Qaradağ rayonunda avtomobil velosipedçiləri vurub. Qəza nəticəsində velosipedçi Akif Abdullayev ölüb. Digər velosipedçi Fidan Rəhimova isə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Akif Abdullayev Azərbaycan Velosiped İdmanı Federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü idi.