İdmançılar maaşlarını aldılar

Toğrul Əsgərov və Rəsul Çunayev

“Borclar il sonunacan mərhələli şəkildə bağlanacaq”

Güləş üzrə Azərbaycan yığma komandaları üzvlərinin maaşları ödənilib. Məlumatı Azərbaycan Güləş Federasiyası yayıb.
Bildiriblər ki, güləşçilərlə yanaşı, milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.

“Gecikmiş maaşların ödənilməsi prosesinə başlanılıb. Artıq 4-5 ayın pulları verilib. İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq”, - bunu isə “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

Federasiya rəsmisi borcların müddəti və məbləği barədə ətraflı məlumatı olmadığını söyləyib:

“Detalları mühasibatlıqdan öyrənmək olar. Çünki maaşların məbləği fərqlidir. Açığı, indiyə qədər maliyyə məsələləri ilə məşğul olmamışam. Sadəcə olaraq, indi mövcud vəziyyətlə əlaqədar danışmalı oluram. Kimin nə qədər və neçə ay alacağı olduğunu bilmirəm”.

E.Cəfərov bildirib ki, Azərbaycanın güləş yığmasının üzvlərinin iyulun 28-də əmək haqqlarının və mükafatlarının ödənilməməsini, eləcə də Azərbaycan Güləş Federasiyası tərəfindən təlim-məşq toplanışı keçmək üçün şərait yaradılmadığını əsas gətirərək, etiraz aksiyası keçirmələrinə görə heç kim milli komandadan kənarlaşdırılmayıb:

“Heç kim yığmadan kənarlaşdırılmayıb. Hazırda hər şey yaxşıdır. Qarşıdan gələn dünya çempionatına hazırlığı yekunlaşdırmaq üzrəyik. Aksiyada iştirak edən güləşçilərdən kiminsə dünya çempionatına aparılmamasından söhbət belə gedə bilməz. Həmin hadisəyə görə heç kimə gözün üstündə qaşın var deyən yoxdur. Zədəlilər olmasa, yarışda tam heyətlə çıxış edəcəyik”.

İyulun 28-də tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar. Onlar Federasiyanın idmançılara biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilər şəraitsizlikdən də şikayət ediblər.

Dünya çempionu Rəsul Çunayev 15 aydır ki maaş ala bilmədiklərini və Dünya Çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini deyirdi.

Federasiya isə bu aksiyaya cavab olaraq idmançları səbrə çağırır, maaş vermək öhdəliyinin olmadığını bildirirdi.