''Sahil'' metrosundakı eskalatorların istismar müddəti bitib

Metro

Stansiya 1 illik bağlanır

Metronun “Sahil” stansiyasına giriş və çıxış təmirə görə bağlanacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Sahil” stansiyasında eskalatorların istismar müddəti bitib. Dəyişdirilməsi zərurəti yaranıb.

Mətbuat xidməti vurğulayır ki, “Sahil” stansiyasında aparılacaq əsaslı təmir müddətində “LT-3” tipli üç eskalator söküləcək. Onların yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Victoria” tipli dörd eskalatoru quraşdırılacaq.

“Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Odur ki, stansiya avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci il iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur”, - məlumatda vurğulanır.

Bakı metrosu 1967-ci il noyabrın 6-da istismara verilib. “Sahil” stansiyası ilk gündən fəaliyyət göstərən 5 stansiyadan biri olub.