''Əfqan Muxtarlının ürəyində problem var''

Əfqan Muxtarlı Fotoqraf: İsmi Şahzadə

Vəkil: ''Ona nə resept, nə də dərmanlar verilir''

"Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir", - Ə.Muxtarlının vəkili Nemət Kərimli ''Turan''-a belə deyib.

Vəkilin sözlərinə görə, avqustun ilk günlərində onu həkim müayinəsindən keçiriblər. Həkimlər onun ürəyində problem olduğunu deyiblər:

''Nəbzi normadan xeyli yüksəkdir. Əfqan Muxtarlıya müalicə üçün resept yazıblar''.

Vəkilin sözlərinə görə, həkimin resepti artıq Ə.Muxtarlının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Ancaq 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir. Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.

Şəkərli diabetdən əziyyət çəkən Ə.Muxtarlının mədəsində ağrılar var, həbsdən sonra 21 kiloqram arıqlayıb.

Penitensiar Xidmət jurnalistin sağlıq durumu ilə bağlı açıqlamaları şərh etməyib.

Əfqan Muxtarlı mayın 29-da Tbilisidən Bakıya gətirilib. O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıq, sərhədçiyə qarşı zorakılıqda itiham olunub. Jurnalist ittihamları qəbul etmir. Amnesty International Əfqan Muxtarlını vicdan məhbusu kimi tanıyıb.