Günvurma 41 nəfəri xəstəxanalıq edib

Təcili yardım

Müraciət edənlərin 17-si uşaqdır

İyunun 1-dən bugünə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub.
Müraciət edənlərdən 41-i xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Stansiyanın baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə deyib.

Baş həkimin müavini qeyd edib ki, onlara ambulator yardım edildikdən sonra evə buraxılıb:

“Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlarla bağlı olub. Lakin günvurma nəticəsində ciddi bir hal və ya ölüm qeydə alınmayıb”.

M.Mirzəzadə vurğulayıb ki, ötən illə müqayisədə bu il belə hadisələrin sayında hər hansı bir artım qeydə alınmayıb. Onun sözlərinə görə, ötən ilin statistik göstəricilərinə nəzər saldıqda günvurma ilə bağlı müraciət edənlərin sayı eynidir və ciddi fərq yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan isə deyiblər ki, ölkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək.

Büronun direktor əvəzi Gülşad Məmmədova “Teleqraf.com”-a deyib ki, hazırda paytaxtda havanın temperaturu 35-40 dərəcə, bölgələrdə 35-41 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41-43 dərəcədir.

Gülşad Məmmədova avtobus dayanacaqlarında qurğuların göstəricilərinə də münasibət bildirib. O deyib ki, nazirlik tərəfindən havanın temperaturu barədə verilən məlumat tam dəqiqdir:

“Dayanacaqlardakı qurğular dəmirdir və gün vurub qızdırır. Nəticədə həmin göstəricilər havanın temperaturunu deyil, həmin dəmirin, ətrafın təsirini göstərir”.

Bir neçə gündür sosial şəbəkələrdə avtobus dayanacaqlarında və ya maşınlardakı termometr qurğularının göstəriciləri paylaşılır.

Həmin qurğularda temperatur göstəriciləri 55-62 dərəcə arasında dəyişir.