Abbas Hüseynov Qobustan həbsxanasına köçürülüb

Abbas Hüseyn

Vəkil Taleh Bağırzadə ilə görüşüb

İyulun 25-də vəkil Fariz Namazlı Taleh Bağırzadə və Abbas Hüseynovla görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub.

Bu barədə Meydan TV-yə məlumat verən F. Namazlı bildirib ki, Abbas Hüseynovu artıq Qobustan həbsxanasına göndəriblər. Onunla birlikdə Cabbar Cabbarovu da Qobustana etap ediblər. Həmçinin Cahad Babakişizadə də etap olunub. O, 12 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib.
"Taleh Bağırzadə ehtimal edir ki, yoldaşlarının belə tezliklə etap edilməsi onlara işgəncə verilməsi məqsədini güdür"-deyə vəkil bildirib.

20 iyul 2017-ci ildə Bakı Apelyasiya Məhkəməsində baş vermiş hadisədən sonra Taleh Bağırzadə, Abbas Hüseynov, Əli Nuriyev, Fuad Qəhrəmanlı və Cahad Babakişizadə cərimə kamerasına salınıb. T. Bağırzadə və A. Hüseynov 7 gün, digərləri 5 gün müddətinə cərimə kamerasına salınıblar.

Taleh Bağırzadə vəkilə bildirib ki, iyulun 20-də keçirilən məhkəmə iclası zamanı hakimlərə ayaqqabı, su şüşəsi atdıqdan sonra onları zaldan çıxarıblar, saat 18:30-da yenidən zala gətiriblər və əlləri arxadan qandalla bağlı vəziyyətdə saxlayıblar. Hakimlər zala daxil olaraq qərarı elan ediblər. Taleh Bağırzadə hakimlərə "bizim sizə atdıgımız butulka və ayaqqabılar əslində İlham Əliyevin yeritdiyi siyasətə qarşı atılıb. Siz hansı vicdanla evdə övladlarınızın üzünə baxacaqsınız?" deyib.
Məhkəmə tərkibi qərarı elan edərkən zalda təqsirləndirilən şəxslərdən başqa heç kim olmayıb.

Taleh Bağırzadə həmiçinin bildirib ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyi onların cərimə kamerasına salınması ilə bağlı hər hansı qərar təqdim etməyib.
"Böyük ehtimalla bu həftə onlar cəzaçəkmə müəssisəsinə köçürüləcəklər"-vəkil bildirib.

Fariz Namazlının bildirdiyinə görə, Taleh Bagırzadənin əhval-ruhiyyəsi yüksəkdir.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.