Faiq Əmirlinin vəkili məhkəmənin tez yekunlaşmasını istəyib

Faiq Əmirli

''Təcridxanadan məhkəmələrə gəlib-getmək Faiq Əmirlinin səhhətinə mənfi təsir edir''

İyulun 17-də Səbayel rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin növbəti məhkəmə iclası keçirilib. 

Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. O, isti havada tez-tez təcridxanadan məhkəməyə gedib-gəlməyin Faiq Əmirlinin səhhətinə mənfi təsir göstərdiyini deyib: 

“Buna görə iclasın tez bir zamanda yekunlaşmasını xahiş edirəm. Biz bütün şahidlərin dindirilməsində maraqlıyıq. Lakin məhkəmə şahidləri gətirə bilmir və iclas uzanır. Ona görə də gəlməyən şahidlərin ifadələrinin elanı ilə kifayətlənmək olar”.

Faiq Əmirli də vəkilinin fikri ilə razı olduğunu, səhhətinə görə iclasa tez-tez gedib-gəlməyin çətin olduğunu söyləyib. 

F. Mehdiyev Faiq Əmirlinin maşınına baxışda iştirak etmiş hal şahidləri – Samirə Məmmədova və Təzəxan Mirələmlinin məhkəmədə dindirilməsi barədə də vəsatət verib. O bildirib ki, adları qeyd olunan şəxslər istintaq zamanı dindirilməyiblər: 

“Onlar avtomobilin açarının Faiq Əmirlidən necə alınmasından tutmuş, həmin əşyaları ora kimlərin və necə qoymasına qədər bir çox məsələləri danışa bilərdilər”.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti iclas iyulun 19-da keçiriləcək. 

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O,  Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir. 

F. Əmirli isə ittihamları saxta hesab edir.