Mövsüm Səmədovun apelyasiya şikayəti təmin edilməyib

Mövsüm Səmədov Fotoqraf: Sosial Şəbəkə

Şikayət Qaradağ rayon Məhkəməsinin qərarından verilib

İyulun 17-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun şikayətinə baxılıb. 

Məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində M. Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. M. Səmodovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Apelyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğvi istənilib.  

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, Mövsüm Səmədov islaholunmaz məhkumdur. Məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır. Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, saxta adlandırır.