Neft Fondu: Neft və qaz sazişlərindən 5 mlrd. 458.8 mln. manat götürmüşük

Neft qaz Fotoqraf: Azertag

ADNF-in vəsaitləri artıb

2017-ci ilin 6 ayında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 6 mlrd. 127.2 mln. manat, büdcə xərcləri isə 5 mlrd. 533.8 mln. manat olub.

Bu barədə məlumatı ADNF yayıb. Bildirir ki, 2017-ci ilin yanvar-iyun aylarında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 5 mlrd. 458.8 mln. manat gəlir əldə edilib.

Bu dövrdə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 668.4 mln. manat edib.

Məlumatda bildirilir ki, bu dövr ərzində dövlət büdcəsinə 2 mlrd. 991 mln. manat transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56.4 mln. manat ayrılıb.
Habelə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21.5 mln. manat, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin maliyyələşdirilməsinə əlavə olaraq 2.7 mln. manat vəsait ayrılıb.

“4.7 mln. manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 448.3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9.2 mln. manat təşkil edib”, - məlumatda vurğulanır.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ADNF-nin büdcədənkənar xərci 98.4 mln. manat təşkil edib.

2017-ci il iyulun 1-i Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33.147 mlrd. dollar) nisbətən 4.96 faiz artaraq 34 mlrd. 790.9 mln. dollara bərabər olub.

Neft Fondu 1999-cu ildə yaradılıb, Əsasnaməsi təsdiq edilib, əməli fəaliyyətə 2001-ci ilin iyul ayından sonra başlayıb. O vaxtdan fonda 130 milyard dollara yaxın vəsait daxil olub.