''Əfqan Muxtarlı oğurlandığı gün sərhədədək heç bir kameranın işləməməsi şübhəlidir''

Əfqan Muxtarlı Fotoqraf: Ramin Deko

Leyla Mustafayeva bütün bu halların şübhəli olduğunu deyir

''Daha nəsə sübut etməyə ehtiyac yoxdur. Mayın 29-da evin yanından Gürcüstanın sərhəd keçid məntəqəsinədək Daxili İşlər Nazirliyinin nəzarətində olan müşahidə kameralarının heç biri işləməyib. Əfqan ''məni kriminal polis geyinində olan şəxslər oğurlayıb'' - deyəndən bir həftə keçməmiş Gürcüstan daxili işlər nazirinin birinci müavini, Mərkəzi Kiriminal Polis Departamentinin rəhbəri Besik Amiranaşvili heç bir səbəb göstərilmədən vəzifəsindən istefaya göndərilib''.

Leyla Mustafayeva deyir ki, indi məlum olub. Əfqan Muxtarlı saxlandığı yerdən ''Laqodexi'' Sərhəd Keçid Məntəqəsi də daxil olmaqla nazirliyin nəzarətində olan kameraların heç biri işləməyib.

Leyla Mustafayeva bütün bu halların şübhəli olduğunu deyir.

Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.