Neftçilərin kütləvi zəhərləndiyi bildirilir

''İşçiləri yeməklə təmin edən müəssisə ilə bağlanmış müqavilə ləğv olunmalıdır''

SOCAR-ın törəməsi olan STAR neft emalı zavodunda kütləvi zəhərlənmə olduğu bildirilir.

xn--hdf14-elcc.az yazır ki, hadisə iyulun 13-də baş verib. İşçilərin nahar zamanı verilən yeməkdən zəhərləndiyini iddia edilir.

Çalışanlar ətin keyfiyyətsiz olduğundan şübhələnir. Ümumilikdə “Gemond”, “Tekfen” və “İlk İnşaat” kimi subpodratçı şirkətlərin təxminən 1500 nəfər işçisinin zəhərləndiyi iddia edilir.

“Gecə ərzində təcili tibbi yardım maşınları dayanmadan işləyib. Təxminən 1500 nəfər zəhərlənib. Ətin keyfiyyətsiz olduğu deyilir. Problem zavodun və podratçı olan TSGI şirkətinin rəhbərliyinin nəzərinə çatdırılıb. Lakin bir tədbir görən yoxdur”, - deyə işçilərdən biri bildirib.

O əlavə edib ki, nahar zamanı xeyli insanın halının pisləşdiyini görən işçilərin bir qismi yeməyi boykot edib.

SOCAR rəsmiləri insidentin baş verdiyini təsdiqləyiblər. Bununla yanaşı, onlar qeyd edib ki, rəqəmlər xeyli şişirdilib və zəhərlənənlərin sayı 1500 nəfər deyil: “Əlimizdə olan son rəqəmlərə görə, 346 nəfərə tibbi yardım göstərilib”.

Zavod rəhbərliyi işçiləri yeməklə təmin edən şirkətlə müzakirə etdiyini, yemək nümunələrinin laboratoriyaya göndərildiyini, nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın rəhbəri Mirvari Qəhrəmanlı da bu barədə məlumatı mətbuatdan oxuyub. Deyir, bu işlə bağlı əmək qanunvericiliyinin pozulması, yəni işçilər üçün sağlam iş şəraitinin yaradılmaması barəsində Cinayət işi qaldırılmalıdır:

''Cavabdehlər cəzalanmalıdır. Mütləq olaraq işçiləri yeməklə təmin edən müəssisə ilə bağlanmış müqavilə ləğv olunmalıdır''.