''Pambıqçılıqda problem maliyyə resursu ilə bağlı deyil''

Vahid Məhərrəmov: ''Əslində, bu sərəncamla aqrar sahədəki bəzi zərərləri dövlət vəsaiti hesabına kompensasiya edəcəklər''

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Prezident Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırıb.

Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlisi qeyd olunub.

Sərəncamı MeydanTV-yə şərh edən kənd təsərrüfatı üzrə müstəxəssis Vahid Məhərrəmov hesab edir ki, pambıqçılıq da daxil olmaqla aqrar sektorla bağlı kompleks sənəd hazırlananda orda yalnız maliyyə resursu nəzərdə tutulmamalıdır: 

“Problem ondadır ki, indiki halda kənd təsərrüfatına 3, 5, 10 milyard manat qoyulsa da, bu sahəni inkişaf etdirmək mümkün olmayacaq. Çünki indiki problem maliyyə resursu ilə bağlı deyil. Əgər hökumətdə aqrar sahəyə cavabdeh adamlar elmi yanaşma nümayiş etdirə bilmirlərsə, peşəkar kadrlar hazırlanmırsa, maliyyə vəsaitinin ayrılmasının nə xeyri var?! Bu, ona bənzəyir ki, ağılsız adamın əlinə pul düşüb, onu sağa-sola xərcləyir. Əslində, bu sərəncamla aqrar sahədəki bəzi zərərləri dövlət vəsaiti hesabına kompensasiya edəcəklər. Yəni ixracdan və ya emaldan əldə olunan gəlirlər isə məmurlara qalacaq”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov.

Vahid Məhərrəmov deyir ki, sərəncamın imzalanmasında məqsəd heç də büdcə vəsaiti hesabına fermerlərin gəlirlərini, məhsuldarlığı artırmaq və yaxud gəlir əldə etmək deyil: 

“Məqsəd tədarük işini həyata keçirən, emalla məşğul olan, ixracı gerçəkləşdirən sahibkarların daha çox gəlir əldə etməsini təmin etməkdir. Hakimiyyət dövlətin vəsaiti hesabına kimlərinsə maliyyə resursunu artırır. Baxın, kəndli təhvil verdiyi pambığın hər kiloqramına görə Türkiyə və İranda olduğu kimi 90 sent əldə edə bilmir. Niyə kəndliyə hər kiloqrama görə 50 qəpik  verilməlidir?”