Akif Çovdarov: Tağı Əhmədov Moskvadan işlənmiş vaqon alıb, 11 milyondan çox dövlət vəsaiti mənimsəmişdi

foto Meydan.TV

''Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı''

“Aparılan araşdırmalar zamanı Tağı Əhmədovun ölkədə və xaricdə bahalı obyektlərinin olduğu məlum oldu. Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Onun bank hesabında milyonlarla pul var idi. Biz məlumatları toplayıb prokurorluğa məlumat verdik. Oradan dedilər ki, “bu, bombadı, partlaya bilər, qoy özünüzdə qalsın”.

Bu sözləri məhkəmə prosesində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov deyib.

İyulun 12-də Sabunçu Rayon Məhkəməsində Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

“Metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçmir”

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsində Həbib Həsənovun sədrliyi keçirilən prosesdə Akif Çovdarov zərərçəkmiş şəxslərdən Bakı Metropoliteni QSC-nin keçmiş sədri Tağı Əhmədovun epizodu üzrə ifadə verib. A. Çovdarov bildirib ki, T.Əhmədovla bağlı aparılan araşdırma zamanı milyonluq yeyinti və ofşor hesabları üzə çıxıb: 

“Metrostansiyaların çıxışlarında 1200 obyekt vardı. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropolitenin balansında olub. Həmin vaxt icarədarlardan alınan 3 aylıq icarə haqqı 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb detallı araşdırma aparıb Metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı.

Detallı araşdırma zamanı bəlli oldu ki, metrostansiyalarda turniketlər elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçmir və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş. Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov açıb dedi. Buna görə də Tağı ondan imtina edib.

Bundan başqa, biz özümüzün agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyib, 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Bir vaqonunun təmirinə 120-140 min manat “silirdilər”, indiki rəhbərlik bunu 40 minə edir. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanılırdı. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcu var idi, onu da mənimsəmişdi”.


Tağı Əhmədova məxsus varidat...

A.Çovdarov deyib ki, bunlar üzə çıxandan sonra Tağı Əhmədovun əmlakları müəyyən edilib: 

“İndi yadımda qalanları açıqlayım: “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon Məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi. Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib”.

 

Bank hesabındakı pullar

A.Çovdarov deyib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb:

“Təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi.

Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik, bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özününüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz.

Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, “bu, bombadı, partlaya bilər, qoy özündə qalsın”. Dedi: “Sən onu bizə göndərsən, biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq””.

Prokuror qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda araşdırma aparılmayıb. A.Çovdarov buna belə cavab verib: “Sən məndən bunu soruşma, soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam”.

Akif Çovdarov bildirib ki, T. Əhmədovdan pul almayıb: “Onun işindən rəhbərliyin xəbəri var idi. Mən kim idim ki, pul alıb işi bağlayım?”

“Tağı Əhmədovu şantaj ediblər”

Akif Çovdarov onu da qeyd edib ki,  Tağı Əhmədovu ondan şikayət etməsi üçün şantaj ediblər: “Onun şikayət etmək fikri yox idi. Oğlu Ruslan içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağını bu məsələyə görə məcbur etdilər ki, əleyhimə ifadə versin”.

Növbəti məhkəmə iclası iyulun 17-də keçiririləcək.

 

Xatırlatma

Təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.