Bərdə sakininin sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs edildiyi deyilir

Rəşad Camalov foto sosial şəbəkə

''O, yazılarında sosial problemlərin ağırlığından narazılıq edirdi''

İyulun 7-də Bərdə rayon sakini Rəşad Şəmil oğlu Camalov yerli polis idarəsinə çağırılıb. Bu günədək sərbəst buraxılmayıb.

Bu barədə onun yaxınları ''Facebook''-da yazıblar. Bildiriblər ki, iyulun 8-də Rəşad Camalov polisə müqavimət ittihamı ilə 20 sutka azadlıqdan məhrum olunub:

''Səbəb onun "Facebook" və ''Youtube''-da hökumət əleyhinə yazdığı statuslarıdır'', - deyə yaxınları bildirib.

Dostları həmin çıxışlarda R.Camalovun sosial problemlərin ağırlığından narazılıq etdiyini bildirirlər.    

Meydan TV bununla bağlı Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

İdarənin növbətçisi bu barədə heç bir məlumat verə bilməyəcəyini söyləyib.