Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)

Qiyas İbrahimin atası istintaq idarəsinə çağırılıb

''Getməsə, barəsində məcburi gətirilmə tətbiq ediləcək''

Həbsdə olan gənc fəal Qiyas İbrahimin atası Həsən İbrahimov iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə Qiyas İbrahimin anası Şura Əmiraslanova məlumat verib. Bildirib ki, evə gələn çağırış 172950141 saylı cinayət işi ilə bağlıdır:

"O, 7 iyul 2017-ci il tarixində, saat 10:00-da Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılır. Məktubda gəlmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 178-ci maddəsi ilə məcburi gətirilmə tətbiq ediləcəyi qeyd edilib''.

Şura Əmiraslanova çağırışın nə ilə bağlı olduğunu dəqiq bilmədiyini söyləyir:

''Ola bilsin Qiyasın sonuncu məhkəməsindəki hadisə ilə əlaqədardır. Məhkəmədə hakim Qiyasın son sözünü kəsəndə atası əsəbiləşdi. Ona etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söylədi. Bir də hakimə ''Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin'', - dedi. Hakim isə onun bu sözlərinin aktlaşdırılmasını istədi.  Çağırılma ona görə də ola bilər''.

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Qiyas İbrahim və Bayram Məmmədovun şikayətini icraata götürüb. 

Şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış, götürmə ilə bağlı qərarları gənc fəalların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsində nəzərdə tutulan hüquqları pozulub.