''Beynəlxalq Bank'' Amerika məhkəməsinə müraciət edib (Yenilənib)

Beynəlxalq Bank
Beynəlxalq Bank.

Bankın müflisliklə bağlı müdafiə olunmaq istədiyi bildirilir

Mayın 11-də ölkənin iri kreditoru olan Azərbaycan Beynəlxalq Bankı 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) nail olmaq üçün Nyu-Yorkda müflisliklə bağlı məhkəməyə müraciət edib. Bu barədə məlumatı məşhur "Wall Street Journal" qəzeti yayıb yayıb.

Məlumatda bildirilir ki, neftin qiymətinin kəskin enməsindən və valyuta məzənnələrinin dəyişməsindən ziyan çəkən Azərbaycan bankı Amerika məhkəməsində müdafiə olunmaq istəyir.

Rövşən Ağayev
Rövşən Ağayev. Fotoqraf:: AzadlıqRadiosu

İqtisadçı Rövşən Ağayev öz "Facebook" səhifəsində "Beynəlxalq Bank"ın ABŞ məhkəməsinə müflis elan olunmaqla bağlı müracətinə münasibət bildirib.

İqtisadçının fikrincə, ölkənin bank aktivlərinin az qala yarısına sahib olan bir bankın indiki vəziyyəti ölkənin maliyyə sisteminin iflası deməkdir:

"Bu qədər nəhəng maliyyə itkisinə görə məsuliyyətin dairəsi son dərəcə kiçik oldu. Bu hadisə ölkənin böyük neft pulları sayəsində beynəlxalq kreditorlar arasında qazandığı etibarın axırına çıxdı".

Rövşən Ağayevin sözlərinə görə, "Beynəlxalq Bank"ın xarici valyutada öhdəlikərini hökumətə transfer etməsi o deməkdir ki, Neft Fondunun 1 mlrd. dollar depoziti də getdi: "Bundan sonra hökumət Neft Fondunun aktivlərinin həcmi ilə bağlı məlumat açıqlayanda həmin 1 mlrd. dolları nəzərə almayın. Yaxın tariximzdə nə regionumuzda, nə ölkəmizdə bu həcmdə maliyyə maxinasiyası və iflası olmayıb, çox yəqin ki, yaxın onilliklərdə də olmaq ehtimalı çox azdır".

Nyu-York Məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) müraciəti əsasında 12 may 2017-ci il tarixində ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası (Kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

"Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", - deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.

Məlum olduğu kimi, ABB-nin bir sıra xarici maliyyə institutlarından cəlb etdiyi xarici valyutada borcların bu plana uyğun olaraq birbaşa dövlətə ötürülməsi nəzərdə tutulur. Bu proses bankın yalnız xarici öhdəliklərini əhatə edir, bütün digər öhdəliklər, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlar isə cari rejimdə həyata keçirilir. Açıqlamada bir daha bildirilib ki, banka yerləşdirilmiş əmanətlər üzrə fərdi və korporativ müştərilərə faiz ödənişləri də daxil olmaqla ABB bütün xidmət və əməliyyatları adi qaydada davam etdirməkdədir.