Milli Məclis
Milli Məclis Fotoqraf: report.az

Parlamentin buraxılması və deputatın mandatdan məhrum edilməsi qaydaları müəyyənləşir

Qaydaları pozan deputatların səlahiyyətinə xitam veriləcək

Milli Məclisin daxili Nizamnaməsində Milli Məclisin buraxılmasını şərtləndirən yeni qaydalar müəyyənləşdirilir. Bununla bağlı Milli Məclisin daxili Nizamnaməsinə yeni 22-1 (Milli Məclisin buraxılması) maddəsinin əlavə olunması təklif edilir.

Maddəyə əsasən, “Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsinə uyğun olaraq Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri ölkə prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin edilmədikdə, habelə bu, Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan prezidenti Milli Məclisi buraxır”.

İntizam Komisiyası deputatların səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy verəcək

Həmçinin Nizamnamədə deputatın mandatdan və səlahiyyətindən məhrum edilməsi ilə bağlı maddə də yeni redaksiyada veriləcək. Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam Komissiyası) maddəsinin ikinci cümləsinin təklif olunan yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, “Milli Məclisin İntizam Komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, Azərbaycan Konstitusiyasının 93-cü maddəsinin III hissəsinin tələbinin yerinə yetirilməsinə, qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi, deputatın mandatdan məhrum edilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir”.

Qeyd olunan hissənin hazırda qüvvədə olan variantı isə belədir: “İntizam Komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir”.

Deputatın daxili məsuliyyətə cəlb edilməsi halları artırılır

Daxili Nizamnamənin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə isə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb. Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı yeni tələblər əlavə olunur. Bu, tələblər isə başqa depurtatın yerinə səsvermə və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozmadan ibarətdir. Deputat bu səbəblərə görə də parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Yeni intizam tədbiri - mandatdan məhrum edilir

Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur. İndiyədək intizam tədbiri kimi, xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi nəzərdə tutulurdusa, artıq “Deputatın mandatdan məhrum edilməsi” də intizam tədbirlərinə aid ediləcək.

Layihə Milli Məclisinin İnsan hüquqları ilə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin aprelin 20-də keçirilən birgə iclasında plenar iclasa tövsiyə edilib.