Putin barədə tənqidi məqalə yazan jurnalist döyülərək öldürülüb

Nikolai Andrushchenko
Nikolai Andrushchenko. Fotoqraf:: CBC

Jurnalisti döyən şəxslər tapılmayıb

Rusiya hökuməti və prezident Vladimir Putin barədə tənqidi məqalələr yazan jurnalist naməlum şəxslər tərəfindən qəddarcasına döyüldükdən sonra düşdüyü Sankt Peterburq xəstəxanasında vəfat edib.

Məlumatı AzadlıqRadiosu yayıb.

Bildirilir ki, “Novı Peterburq” həftəliyinin 73 yaşlı təsisçisi Nikolay Andryuşçenko martın 9-da hücuma məruz qalandan bəri huşunu itirmiş vəziyyətdə olub.

Vəkili döyülməsindən sonra beynində cərrahiyyə əməliyyatı aparıldığını deyib:

“Sonra süni tənəffüs aparatına qoşulmuşdu, lakin son günlər müstəqil olaraq nəfəs ala bilirdi”.

Nəticədə jurnalist koma vəziyyətindən çıxa bilməyib və aprelin 19-da vəfat edib.

Ona hücum edənlər tapılmayıb.

“Novı Peterburq” qəzetinin redaktoru Denis Usov həmkarına edilən hücumu onun şəhərdəki korrupsiya faktlarına aid tənqidi məqalələri ilə əlaqələndirir.