''Sadələşdirilmiş tikinti prosesində korrupsiya halqası''

Artur Rəsizadə Fotoqraf: AFP

“Turan” sorğusuna verilən cavabları təhlil edib

“Turan” İnformasiya Agentliyinin Baş nazir Artur Rasizadəyə ünvanladığı məktuba Dövlət Əmlak Komitəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cavab gəlib.

Agentlik məktubu “Sadələşdirilmiş korrupsiyaya uğramış tikinti – 5” məqaləsinin dərc edilməsindən  bir həftə sonra, martın 6-da göndərib.

“Turan”-ın ünvanladığı məktubda qeyd edilib ki, tikilmiş mənzil üzərində hüququn rəsmiləşdirilməsi zamanı Dövlət Əmlak Komitəsi tikintini həyata keçirən şəxsdən İH tərəfindən tikintiyə verilmiş icazəni təqdim etməyi tələb edir. Bu zaman DƏK Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli “Tikintilərin dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na, daha dəqiq isə bu sənədin 3.1.1-ci bəndinə istinad edir.

Məktubda vurğulanıb ki, Qaydaların tələbləri Şəhərsalma və Tikinti Məcəlləsinin (ŞTM) tikinti üçün icazə tələb etməyən 80-ci – Məlumatlandırma icraatı maddəsinə ziddir. Beləliklə, Qanunun Qaydalardan üstünlüyünü nəzərə alaraq, ziddiyyəti aradan qaldırmaq və Qaydaların 3.1.1-ci bəndindən “Tikintiyə verilmiş icazənin surəti” tələbini çıxarmaq və ya onun məlumatlandırma icraatına aid olmadığını qeyd etmək lazımdır.

Agentlik "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın ŞTM ilə uyğunlaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməyi xahiş edib.
“Turan”-ın məlumatına görə, Nazirlər Kabineti məktubu Dövlət Əmlak Komitəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərib.

İlk olaraq Dövlət Əmlak Komitəsi agentliyə cavab göndərib. Sədr müavini Rafiq Cəlilovun 3 aprel tarixli məktubunda qeyd edilir ki, məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində göstərilmiş sənədlər əsasında aparılır. Həmin maddəyə uyğun olaraq:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

2. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi,

3. sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd sözügedən yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Ərizəçilər tərəfindən Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim olunmuş sənədlərdə hüquqların dövlət qeydiyyatının dayandırılması və ya dövlət qeydiyyatından imtina üçün əsaslar olmadığı təqdirdə hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi təmin edilir, deyə Cəlilovun məktubunda qeyd edilir.

Məktubda həmçinin deyilir ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.4-cü bəndinə uyğun olaraq sözügedən reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Ağamirzə Canmirzəyevin aprelin 13-də “Turan”-a göndərdiyi məktubda qeyd edilir ki, Tikintilərin Dövlət reyestrinin aparılması Qaydalarının 3.1.5-ci bəndinə 31 mart 2017-ci il tarixində Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliklərə əsasən, məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti Reyestrə təqdim olunmalıdır.

Agentlik müqayisəli təhlil aparıb

Dövlət Əmlak Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 8.0.10.2-ci maddəsinə istinad edərək, əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər arasında “sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd” tələb edir.

“Turan”-ın mütəxəssisləri isə deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsində “tikintinin başa çatması haqqında məlumatlandırma” kimi bir müddəa yoxdur. ŞTM-nin 80.6-cı maddəsində isə deyilir: “Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər (bu ərazinin ətraflı planı olduqda 10 gün ərzində və belə bir plan olmadığı və ya onun müddəti bitdiyi halda bir ay ərzində) bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir”.

“Məcəllənin bu müddəasından belə çıxır ki, tikinti aparan şəxsin tikintinin başa çatması barədə yerli icra hakimiyyətini məlumatlandırmasına ehtiyac yoxdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanunu 2004-cü ildə qəbul edilib və onun 8.0.10.2-ci maddəsi 2016-cı ildə yenilənmiş Şəhərsalma və Tikinti Məcəlləsi və məlumatlandırma icraatının sadələşdirilməsi haqqında qanunvericiliyin fəlsəfəsi və dövlətin siyasi iradəsi ilə ziddiyyət təşkil edir. Bununla əlaqədar olaraq, sözügedən maddədən “sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd” tələbinin çıxarılmasını məqsədəuyğun hesab edirik.

Həmçinin, hesab edirik ki, ŞTM-nin 80-ci “Məlumatlandırma icraatı” maddəsində nəzərdə tutulmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin yerinə yetirilməsinə nəzarəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli şöbələri aparmalıdır, belə ki, son nəticədə tamamlanmış tikilinin layihənin memarlıq-planlaşdırma bölməsinə uyğunluğunu onsuzda onlar yoxlayalar.

Yerli icra hakimiyyəti bu sadələşdirilmiş tikinti prosesində artıq korrupsiya halqasıdır” – “Turan” İnformasiya Agentliyi bu qənaətdədir.