Milli Məclisin iclaslarının qapalı keçirilməsi qaydaları müəyyənləşir

Milli Məclis

Nizamnaməyə dəyişiklik edilir

Milli Məclisin daxili Nizamnaməsinə ediləcək dəyişikliklərdə parlamentin qapalı iclasının keçirilməsi qaydaları müəyyənləşdirilir. 3-cü maddəyə (Milli Məclisin iclasları) təklif olunan yeni redaksiya “Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə uyğun olaraq Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər” – şəklindədir.

Hazırda qüvvədə olan Nizamnamənin 3-cü maddəsində qapalı iclasları barədə məlumat verilsə də, onun keçirilməsi qaydası yer almırdı. Maddənin qüvvədə olan variantı belədir:

“Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir. Milli Məclisin iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə işıqlandırılır.

Bu qərar protokol qaydasında qəbul olunur.

Milli Məclisin qapalı iclaslarının məzmunu haqqında məlumatlar aşkarlana bilməz və yalnız Milli Məclisin deputatları tərəfindən onların Milli Məclisdəki fəaliyyətində istifadə edilə bilər.

Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin bütün iclaslarında iştirak etmək hüququ var. Azərbaycan Respublikasının Prezidenti üçün Milli Məclisin iclas salonunda xüsusi yer ayrılır və orada Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir.

Milli Məclisin iclasları Azərbaycan dilində keçirilir. Milli Məclisin deputatları və Milli Məclisin iclasında iştirak edən şəxslər başqa dildə də çıxış edə bilərlər.

Milli Məclisin, Milli Məclisin sədrinin və onun müavinlərinin, Milli Məclis Aparatı rəhbərinin dəvəti ilə Milli Məclisin iclaslarında başqa şəxslər də iştirak edə bilərlər.

Açıq iclaslar keçirilərkən Milli Məclisin iclas salonuna kütləvi informasiya vasitələrinin Milli Məclisdə qeydə alınmış nümayəndələri onlara ayrılmış yerlərdə əyləşmək üçün buraxılır.”