Naxçıvanda AXCP fəalı azadlığa çıxdı

Zeynalabdin Bağırzadə 2 il öncə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi

Martın 17-də Naxçıvanda Xalq Cəbhəsi Partiyasının fəalı Zeynalabdin Bağırzadə azadlığa buraxılıb. O, 2015-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zeynalabdin Bağırzadə dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) ittiham olunurdu.

Məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Gözəl Bayramlı təsdiqləyib.

Z.Bağırzadə barəsində hökmü Babək rayon Məhkəməsi çıxarmışdı.

Z.Bağırzadə 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Səbəb kimi onun Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi. Sonrakı məhkəmə prosesində 7 il yarım şərti işindən qalan cəza hissəsi indiki cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilmişdi.