Şahin Sultanova hökm oxundu

Şahin Sultanov

Vitse-admiral 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Martın 17-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Digər təqsirləndirilən – Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərovun barəsində isə şərti cəza təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev və Əziz Xıdırov da həbsdən azad edilib və şərti cəza alıblar.
Dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.