''Lənkəran-Astara yoluna heç yerli turisti də buraxmaq olmaz''

Milli Məclis

Baş nazir hesabat verdi, deputatlar banklardan, yollardan danışdı

Martın 17-də Milli Məclisin növbəti plenar iclasında Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatının təqdimatı olub. İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam etsə də, prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub. Onun sözlərinə görə, ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib.

“Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb” – deyən spiker sözü Baş nazir Artir Rəsizadəyə verib.

“Dünya iqtisadiyyatındakı mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib”

A.Rəsizadə də bildirib ki, 2016-cı ildə Azərbaycan müstəqilliyinin 25 ili tamam olub. Müstəqiilik əldə edilməsindən birbaşa 1993-cü ilə keçid edən Baş nazir deyib ki, həmin vaxt xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkə bütün sahələrdə inkişaf edib.

Hesabatı təqdim edən A.Rəsizadənin vurğulayıb ki,  dünya iqtisadiyyatındakı mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib və 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər, onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. O bildirib ki, bəzi bankların qeyri-qənaətbəxş fəaliyyəti də iqtisadiyyata mənfi təsirsiz ötüşməyib. Baş nazir vurğulayıb ki, xüsusən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.

"Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib", - deyə o bildirib.

 

Artur Rəsizadə
Artur Rəsizadə.

Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5 faiz təşkil edib: 

"Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib".

A.Rəsizadə İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğıdan danışıb. Həmçinin Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinatına toxunan Baş nazir qeyd edib li, onun gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Baş nazir çıxışının sonunda qeyd edib ki, dövlət başçısı yanvar ayında Nazirlər Kabinetinin iclasında islahatlarla bağlı tapşırıq verib: 

"Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrini və imkanlarını səfərbər edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaq".

“Yardımlı-Masallı magistralı yenidən qurulmalıdır”

Daha sonra hesabat deputatların müzakirəsinə verilib. Çıxış edənlərin hamısı hesabatı ümumilikdə qənaətbəxş qiymətləndirib və təkliflərini veriblər.

Deputat Musa Qasımlı Yardımlı rayon kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini, kəndlərarası yol və körpülərin tikintisini, su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı həllini gözləyən problemləri qabardıb. O həmçinin deyib ki, Yardımlı-Masallı magistralının yenidən qurulmalıdır.

“İslahatlar xalqa çatdırılmalıdır”

Deputat Əli Məsimli bildirib ki, 2016-cı ildə yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görülüb:  

“Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırmışdı. Ancaq hökumət bu rəqəmin 1,8 faiz olacağını vurğulamışdı. Təəssüf  ki, ötən il artım əvəzinə 3,1 faiz enmə müşahidə olunub. İlk növbədə, islahatlar xalqa çatdırılmalı və onlar tərəfindən dəstəklənməlidir”.

Əli Məsimli foto sosial şəbəkə
Əli Məsimli foto sosial şəbəkə.

Deputat İTV-də iqtisadiyyatla bağlı blok yaradılmasını da təklif edib:

“Bunun üçün İTV-də Rusiyada olan biznes kanalı formasında bir blok yaradılsın və əhali iqtisadi proseslərlə bağlı məlumatlandırılsın. Rayonlarda yeni iş yerlərinin açılması istiqamətində işlər görülməlidir”.

“İrandan 500 avtobus turist gələcək”

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib və bunun orta-kiçik sahibkarlığa zərər vurduğunu söyləyib. O, tələb edib ki, icra orqanları buna son qoysun. H.Rəcəbli icra orqanları ilə Milli Məclisin əməkdaşlığını yüksək qiymətləndirib. Komitə sədri turizm sahəsi ilə bağlı narahat olduğu məqamı da açıqlayıb:

 “Qarşıdan bayramlar gəlir. Məndə olan məlumata görə, bayram günlərində İrandan 500 avtobus turist gələcək. İran tərəfində 8 saatlıq iş rejimi olduğundan, bu qədər turistin gəlməsi gömrükdə çətinlik yaradacaq. Nədənsə, Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfinin sərhəd-keçid məntəqələrində bu qədər az iş vaxtı müəyyənləşib. Azərbaycan da məcburdur ki, bu vaxta əməl etsin. Belə halda, gəlin təsəvvür edək ki, bayram günlərində o keçid məntəqəsində hansı vəziyyət yaranacaq. 500 avtobusla gələn turistlər günlərlə orada qalacaq. Ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turistlər pis təəssüratla ayrılacaqlar. Ona görə də Azərbaycan hökuməti qonşu dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb, tədbirlər görməlidir”.

Hadı Rəcəbli, foto: trend
Hadı Rəcəbli, foto: trend.
Deputat qeyd edib ki, Lənkəran-Astara yoluna nəinki xarici turusti, heç yerli turisti də buraxmaq olmaz. Çünki o yolda vəziyyət həddən artıq dəhşətli vəziyyətdədir. Onun sözlərinə görə, Ələt-Astara yolunun tikintisi getdiyindən bu istiqamətdəki mövcud yol bərbad vəziyyətdədir. O, əlavə edib ki, 2017-ci ilin ikinci yarısında bu yolun hazır olan hissəsinin istifadəyə verilməsi gözlənilir:

“Əgər bu yol istifadəyə verilərsə, bu bölgənin turizm potensialının inkişafına öz müsbət təsirini göstərə bilər”.

 “Bank faizləri yüksəkdir”

Deputat ElmiraAxundova bildirib ki, Azərbaycanda ötən il çox sayda banklar bağlanıb və ya birləşdirilib. Ancaq bu, problemin həlli yolu deyil. O, bank faizlərinin yüksək olmasından şikayətlənib:

"Banklar 29 faizlə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir”.

O, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün təklif verib:

“Təklif edirəm ki, “Azəriqaz” qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq. Mövcud abonentlərin evində isə bu qurğular məcburi quraşdırılsın”.

Elmira Axundova foto sosial şəbəkə
Elmira Axundova foto sosial şəbəkə.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov onun çıxışına münasibət bildirib:

 “Dədə-babadan evlərdə odun da yandıralanda, orada baca olurdu. Çünki baca vasitəsilə zəhərli qaz çıxır. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bir yer yoxdur”.

E.Axundovanın təklifi ilə bağlı isə deyib ki, kim istəsə, öz hesabına evində dəm qazını müəyyən edən indiqator, termometr qoya bilər: “Amma bu, “Azəriqaz”ın işi deyil. Kimlərsə bu cihazları qoyandan sonra rahat yatır, arxayın olur. “Azəriqaz” bunu etməli deyil. Birinci növbədə, əhali evində baxsın ki, qaz yanan zaman əmələ gələn maddələr evdən çıxır, ya yox”.

 “Rayonda həkim yoxdur”

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov hesabatı əhatəli və qənaətbəxş hesab edib:

 “Nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır”. 

MŞ sədri ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib. O qeyd edib ki, ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir: “KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manat. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır”.

Əflatun Amaşov foto sosial şəbəkə
Əflatun Amaşov foto sosial şəbəkə.

O həmçinin deyib ki, deputatı olduğu Saatlı rayonu üzrə 60 ali təhsilli həkim, 100-ə yaxın tibb bacısı yeri boşdur:

 “Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumatlara görə, başqa yerlərdə də demək olar, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsində burun-boğaz-qulaq həkimi belə  kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10-20 il sonra nələrin baş verəcəyini düşünmək sadəcə qorxuncdur”.

“Banklar vətəndaşları soyur”

Deputat Siyavuş Novruzov qiymətlərin süni şəkildə aratırılmasının qarşısı alınmalı olduğunu deyib. O, həmçinin bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib və vurğulayıb ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:

 “Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz. Dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, krediti digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytara bilmir. Məlumdur ki, o, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizələ kredit verilir. Banklar vətəndaşları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salırlar.  Bu məsələlər ölçülüb- biçilməlidir. Dünya praktikasından istifadə olunmalıdır. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Biz, ilk növbədə, Prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalıyıq”.

Siyavuş Novruzov
Siyavuş Novruzov.

Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanda struktur islahatları aparılmalıdır:

 “Azərbaycanda 18-19 nazirlik, şirkət və komitə var. Bir ölkənin nazirliyi həmin ölkənin sturkturudur. Bəzi nazirliklərinin regional idarələri də mövcuddur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb, səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım. Bunu hansı əsasla edirlər? Bunun effektivliyi öyrənilibmi?

Bəzi hallarda görürsən ki, həmin strukturlar 2 aydan sonra ləğv olunur, əvvəlki sistemə qayıdılır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir?  Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Kim harada istəyir mərkəzi strukturunu orada edir. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli icra hakimiyyətləri cənab prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Belə olan halda, biz onların səlahiyyətlərini alıb mərkəzləşdiririk və vətəndaşlar icra hakimiyyətinə müraciət edir. Düzdür, prezidentin tapşırığı ilə nazirlər ayr-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökumətin yerlərdə nümayəndəsi rayon icra hakimiyyətidir. Dövlətin təmsilçisi onlardır. Lakin biz onlardan bütün səlahiyyətləri alırıq. Mərkəzləşdirilmiş qaydada müəyyənləşdirdikdən sonra yerli icra hakimiyyətlərində heç bir səlahiyyət qalmır. Onlar sadəcə olaraq küçə süpürmək və digər işləri həyata keçirirlər. Amma müvafiq işləri onladan tələb edirik”.

Deputat özəl sektorlarda insanların işdən çıxmasını də təndiq edib. “Özəl sektorlarda insanlar yerli-yersiz işdən çıxarılır və ya əmək haqlarının yarısı kəsilir. Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektorlardan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Özəl sektorlar oz ciblərinə deyil, vətəndaşların cibinə toxunur. Buna nəzarət olunmalıdır” – deyə, S. Novruzov əlavə edib.

Hesabatın müzakirəsi fasiələdən sonra davam etdiriləcək.