Deputatın qardaşı oğlu 2 il şərti cəza aldı

Vahid Əhmədovun qardaşı oğlu dələduzluqda təqsirləndirilir

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Bildirilib ki, o dəymiş ziyanı ödəyib.

İttihama görə, təqsirləndirilən N. Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin vədinə əməl etməyib. N.Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.