Şəkidə gənc fəal saxlanılıb

Cavid Əliyev

İcra nümayəndəsinin şikayəti əsasında polisə çağırılan Cavid Əliyev polisə müqavimətdə təqsirləndirilir

Şəkinin Küdürlü kəndində yaşayan gənc fəal Cavid Əliyev saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Məlumata görə, o, polisə müqavimətdə təqsirləndirilir. Hazırda o, məhkəməyə aparılıb.

Martın 17-də səhər saatlarında polis şöbəsinə gedən C.Əliyev içəri keçməzdən öncə bu barədə video-qeyd aparıb. Həmçinin dünəndən polisə çağırılması barədə özünün “Facebook” səhifəsində də məlumat verib.

C.Əliyevin sözlərinə görə, kənd icra nümayəndəsinin işinə etiraz etdiyi üçün ondan şikayət edilib:

“Dünən iki polis bizə gələrək dedi ki, martın 17-də, saat 9-da polis şöbəsində olum. İndi öz istəyimlə gəlmişəm, heç bir müqavimət yoxdur. Səbəb də odur ki, icra nümayəndəsinə “kişi kimi işləmək lazımdır” dediyimə görə məni polisə veriblər. Bu, bir cümləyə görə olası iş deyil. Yaşadığım kəndin icra nümayəndəsi Nurəddin İbrahimovun ailə üzvlərimə qarşı etdiyi qanunsuzluqlara etirazımı bildirmişəm. Mənə maddi və mənəvi zərər vurduğuna görə icra hakimiyyətinə, prezidentə və polisə məlumat vermişəm. Amma heç bir nəticəsi olmayıb. Əvəzində məni çağırıblar. Guya dövlət məmurunu təhqir etmişəm”.

Yaxınlarının sözlərinə görə, polis də maddə dəyişdirilib və polisə müqavimət kimi təsbit olunub. Yaxınları onu da deyir ki, C.Əliyevlə arasında mübahisə yaranmış Nurəddin İbrahimov Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumudur.

Şəki şəhər Polis Şöbəsindən Meydan TV-yə deyiblər ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətilə əlaqə saxlamaq lazımdır. DİN-in mətbuat xidməti isə Meydan TV-nin suallarını cavablandırmır. Kənd icra nümayəndəsi ilə də əlaqə saxlamaq mümkün olmayıb. Şəki şəhər İcra Hakimiyyətinin rəsmi saytında bütün icra nümayəndələrinin əlaqə nömrələri göstərilsə də, yalnız Küdürlü kənd icra nümayəndəsinin telefon nömrəsi qeyd olunmayıb.

C.Əliyevlə N.İbrahimov arasında olan mübahisə ötən il Azadlıq Radiosunda da geniş işıqlandırılıb.

C.Əliyev Azadlıq Radiosuna açıqlamasında deyib ki, eyni kənddə yaşayan İbrahimovlardan, az qala, bütün kənd yuxarı qurumlara şikayət edib: «Təəssüf ki, yazdığımız şikayətlərin məmur özbaşınalığının qarşısının alınmasına faydası dəymir. Nurəddin İbrahimov barədə heç bir tədbir görülmür. Zəbt olunmuş, daraldılmış yollar, çay yatağının hasarlanması, insanların istifadə etdikləri yolda gediş-gəlişə mane olacaq şəkildə əkilmiş fındıq kolları yerində qalır».

Məqalədə digər kənd sakinlərinin də şikayəti işıqlandırılıb. N.İbrahimovun oğlu, kənd icra nümayəndəsinin müavini Xəyyam İbrahimov isə deyilənləri qərəz adlandırıb.