Azərbaycanda yük maşınlarının istehsalı dayanıb

foto APA

Bu il avtomobil və avadanlıqlarının istehsalı da azalıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında maşın və avadanlıqların istehsalı 66,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib. Komitə sair nəqliyyat vasitələrinin istehsalında 25,6 faiz artım olduğunu qeyd edib. Ancaq konkret olaraq “sair nəqliyyat vasitələri” dedikdə nə nəzərdə tutulduğu açıqlanmayıb.

Həmçinin bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb. Yalnız 370 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb.  Bu ilin ilk iki ayında Azərbaycanda traktor istehsal edilməyib.