''Sərəncam siyasi məhbus problemini həll etmədi''

Həbsxana

Səadət Bənənyarlı: "Siyahımızdan 10 nəfər olsaydı, çox sevinərdim"

Martın 16-da İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, 412 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq. Onlardan yalnız 5-i adı hüquq-müdafiə təşkilatlarının siyasi məhbus siyahısında oıan şəxslərdir.

Sərəncamı Meydan TV-yə şərh edən hüquq müdafiəçi Səadət Bənənyarlı bunu müsbət addım kimi dəyərləndirib:

"Əlbəttə, təqdim etdiyimiz siyahıdan 10 nəfər olsaydı, çox sevinərdim.

Bütün hallarda yenə sevinirəm, çünki yüzlərlə ailənin övladı, yaxud həyat yoldaşı, qardaşı azadlığa çıxıb. Amma çox istərdim ki, bizim siyahı bağlanardı. Təmsil olunduğum Monitorinq Qrupunun siyahısında çox adam vardı, amma yenə də müsbət addımdır".

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev "təmsil olunduğunuz qurumun təklifilə sərəncam arasında fərq varmı" sualına belə cavab verib:

"Əfv Komissiyası prezidentin əfv hüququnun həyata keçirilməsində köməkçi orqandır. Bizim rəylərimiz prezident üçün əsas ola bilməz, kimi əfv etməyi dövlət başçısı özü məyyənləşdırir. Bu məsələ cənab prezidentin səlahiyyətindədir".

"Bəs təkliflər nəzərə alınmırsa, bu orqan nəyə lazımdır" sualına Nuriyev belə cavsb verib: "Əvvəla, heç kim komissiyanın hansı təkliflərinin nəzərə alınıb-alınmadığını məlumatlı ola bilməz. Çünki bununla bağlı informasiya yayılmır. Cəmiyyət müzakirələr səviyyəsində məlumatlıdlr, əfv isə prezidentin hüququdur.

Rəsul Cəfərov, foto: ann.tv
Rəsul Cəfərov, foto: ann.tv.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə deyir ki, siyasi məhbus konteksində götürdükdə, 16 mart sərəncamı bu problemi həll etməyə yaxın da deyil:

"Hazırda 100-dən artıq siyasi məhbus var. Onların arasında elələri var ki, siyasi məhbus olmaları hökumət təbliğatçıları da daxil olmaqla heç kimdə şübhə doğurmur. Konkret olaraq İlqar Məmmədovun, Seymur Həzinin, İlkin Rüstəmzadənin və digərlərinin adını çəkmək kifayətdir. Bu sərəncam problemi həll etməyə yaxın da deyil".