Hacı İlqar sərbəst buraxılıb

İlqar İbrahimoğlu foto sosial şəbəkə

''Mülki geyimli şəxslər yaxınlaşdı, ardınca polis idarəsinə aparıldıq''

Şirvan şəhərində saxlanılmış Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu və digər 3 dindar Şirvan polisindən sərbəst buraxılıb.

İlqar İbrahimoğlu Şirvan şəhərində başlarına gələnləri "Facebook" səhifəsində bölüşüb.

“Şirvana ruhani qardaşımız Sərdar Hacıhəsənlinin məhkəməsinə görə gəlmişdik. Onun bundan əvvəl keçirilmiş məhkəmələrində də yaxından iştirak etmişik. Bizim ondan narahat olmağımız təbiidir. Ona dəstək olmaq həm də ruhani olaraq mənəvi borcum idi. Digər tərəfdən, mən hüquq müdafiəçisiyəm, bu sahədə davamlı olaraq illərdir ki, monitorinqlər aparıram".

"Həm də dini məzmunlu “Dəyərlər.org” portalının baş redaktoruyam”, - deyən Hacı İlqar bir dindarın məhkəməsinə qatılmaq istəmələrinin təbii olduğunu ifadə edib. Ancaq onların məhkəmə prosesiniyaxından izləmələrinə imkan verilməyib:

“Biz onsuz da prosesin qapalı olduğunu bilirdik. Şəhərə yaxınlaşanda gördük ki, məhkəmə yaxınlığındakı yollar bağlanıb. Dayanıb gözlədik, məhkəməyə getmək üçün yolu öyrənmək istədik. Bu zaman bizə formalı şəxslər yaxınlaşdılar. Onlara gəlişimizin məqsədini anlatdıq. Ardınca, bizi polis idarəsinə apardılar. Orda 5 saata yaxın saxlanıldıq”.

Hacı İlqar polisdə onlarla rəftarın normal olduğunu deyib:

“Davranış normal idi. Onların hərəkətlərindən də anlayırdıq ki, saxlanılmamız onların təşəbbüsü deyil. Bizə namaz qılmamız üçün şərati yaradıldı. Saat 11-ə qalmış polisə aparılmışdıq, bizimlə saat 3-də görüş oldu. Yenə də Şirvana gəlməmizin səbəbi barədə soruşdular. İzahat verdik, sonra mədəni şəkildə sağollaşdlar”.

İlqar İbrahimoğlu saxlanılmalarına görə narahat olan beynəlxalq qurumlara, səfirliklərə, jurnalistlərə təşəkkür edib.