''İlqar Məmmədov əfv ərizəsi yazmayacaq''

İlqar Məmmədov

Vəkil: "İlqar Məmmədov azad olunsa, biz buna müsbət yanaşacağıq"

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov əfv ərizəsi yazmayacaq.

Bu barədə REAL liderinin vəkili Cavab Cavadov "Bakupost"-a açıqlamasında deyib. Onun sözlərinə görə, bunun səbəbi İlqar Məmmədovun özünü təqsirli bilməməsidir:

"Nə müdafiəçiləri, nə də ailə üzvlərinin heç biri əfvlə bağlı müraciət etməyib. Çünki İlqar Məmmədov özünü təqsirli bilmir. Onun barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Qərarda Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusu qeyd olunub. Yəni onun həbsi siyasi motivli olub.

Eyni zamanda İlqar Məmmədovun dərhal azad olunması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin 5 və ya 6 qərarı var. Yəni bu səbəbdən İlqar Məmmədovun qətiyyən hər hansı əfv ərizəsi yazmaq fikri yoxdur. Onun istəyi odur ki, həmin qərarların icrası təmin olunsun".

Vəkil onu da deyib ki, müraciət etmədiyi halda İ.Məmmədov əfvə düşərsə, onlar buna yalnız müsbət yanaşacaqlar:

"Əfvetmə komissiyasının əsasnaməsinə görə tək müdafiəçilər deyil, həmçinin insan hüquqları üzrə müvəkkil, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatları da müraciət edə bilər. Biz onların müraciətinin qarşısını ala bilmərik. Hər bir halda İlqar Məmmədovun istənilən qaydada həbsdən azad olunması, o cümlədən bunun əfv şəklində olmasını müsbət qarşılayarıq. Yəni biz müraciət etmədən belə İlqar Məmmədov azad olunsa, biz buna müsbət yanaşacağıq".

İlqar Məmmədovla 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunub. O, həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunub.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.