Nardaran
Nardaran Fotoqraf: meydan.tv

''Nardaran işi'': Dedilər, imtina etsəm, arvadımı tutacaqlar

"Bütün imamlar zalım hakimlərin dövründə yaşayıb"

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən İsa İbrahimovun vəkili Azər Nağıyev müdafiə etdiyi şəxsin yanında əyləşməsi barədə vəsatət verib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin qəfəsdə oturması onun müdafiə hüququnu pozur. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, vəkillər istədikləri vaxt müdafiə etdikləri şəxslərlə məsləhtləşə bilərlər.

Rəis məni vurmaq istədi, dua oxudum

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Seyfəddin Şirvanov və Ramil Əliyev ifadə verib.
S.Şirvanov istintaq zamanı işgəncəyə məruz qalmadığını deyib:

"2015-ci il dekabrın 8-də 13-cü Polis Bölməsindən mənə müstəntiq zəng edib dedi ki, maşınla bağlı bölməyə getməliyəm. Mən də dedim ki, maşınım yoxdur. Dedi: "Gəl, aydınlaşdıraq".

Dekabrın 9-da gedən kimi məndən Taleh Bağırzadəni tanıyıb-tanımamağımı soruşdu. Mən də dedim ki, onunla uşaqlıqdan dostuq. Bundan sonra məni rəisin otağına apardı. Rəis istədi məni təhqir edib, vursun. Lakin mən dua oxudum, istədiyin edə bilmədi. Mən "Müsəlman Birliyi" Hərəkatında təbliğat şöbəsinə rəhbərlik etmişəm. Hər zaman dini təbliğat aparmışam. Bu təbliğat milli dəyərlərlə əlaqədar olub. Bundan əlavə, tilsim elmini bilirəm. Daha sonra məni "Bandotdel"ə apardılar. Orada Mikayıl Quliyev adlı müstəntiq məndən ifadə aldı. Mən altı səhifəlik ifadə verdim. Vəkil mənə işarə elədi oxuyum, sonra imza edim. Lakin mən başa düşmədim və oxumadan imzaladım. Sonra aşağı düşəndə yadıma düşdü ki, mənə on beş səhifəlik ifadə imzalatdırdı. Lakin mən altı səhifəlik ifadə vermişdim. Daha sonra mənə evimdən güya silah çıxması barədə sənədə qol çəkdirmək istədilər. Mən imza etməyəndə dedilər, həyat yoldaşın imzalayıb. Əgər sən imtina etsən arvadını tutub onun adına yazacağıq. Mən də qorxumdan imzaladım. Bir neçə aydan sonra yoldaşımla danışanda bu barədə soruşdum. Dedi ki, evdə gəlib axtarış aparıblar. Lakin heç nə tapa bilməyiblər və bu barədə yoldaşıma imza elətdiriblər. O zaman aldatdıqlarını başa düşdüm. Müstəntiq Mikayıl Quliyev çox qorxaq adam idi. Nə vaxt mənlə görüşürdü, deyirdi, haqqını halal elə".

O, istintaq zamanı döyülmədiyini deyib.

Övladım xəstədir

Daha sonra iclasda fasilə elan edilib. Fasilə zamanı qısa çıxış edən təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayev deyib ki, onun bir yaşında olan övladı xəstədir:

"Uşaq ürək qüsuru ilə doğulub. Qanunla onun müalicə və müayinəsi dövlət tərəfindən aparılmalıdır. Bununla bağlı Heydər Əliyev Fonduna və Nərgiz Paşayevanın fonduna müraciət etdik. Lakin bizə müsbət cavab verilmədi. Bundan sonra qardaşlar pul topladılar. Uşaq bir neçə günə əməliyyata girəcək".

Leyla Yunusa təşəkkür edirəm

Elçin Qasımov isə çıxış edərək hüquq müdafiəçisi Leyla Yunusa təşəkkür edib:

"Leyla Yunusa təşəkkür edirəm ki, yüzlərlə kişinin etmədiyini edir. Bizim haqq səsimizi dünyaya çatdırır. O və yoldaşı həbs ediləndə biz onları müdafiə edirdik. Biz demişdik ki, Azərbaycanda hüquq müdafiəçisi həbs edilib 7-8 il azadlıqdan məhrum edilirsə, hüquqdan danışmaq əsassızdır. Bundan sonra icra nümayəndəsi atamı çağırıb demişdi: "Oğluna de ermənipərəsti müdafiə etməsin". Oqtay Gülalıyevə təşəkkür edirəm ki, siyasi məhbusların siyahısını hazırlayır. Təəssüflər olsun ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur. Telekanallarda debatlar təşkil edilir, sifarişli adamlar çıxıb radikal müxalifətdən danışır. Radikallıq edənlər bizə müsibət edənlərdir. Bizə xəbərlər çatır ki, Gəncədə, Ağacabədidə məscidlər sökülür. Məscid həm də milli dəyərdir. Əksər saray mollaları məscidlərdən öz mülkləri kimi istifadə edir. Hansı məsciddə isə haqq söz danışılır, oraya təzyiqlər olur. Bunun arxasında hansı çirkin maraqlar durur? Bütün cameədən bunu araşdırmağı xahiş edirəm. İslam oyunları təşkil olunan, İslam Həmrəyliyi iİi olan ölkədə islam dininə təzyiq edilir. Bunlar qanunları ayaq altına alıblar. İnanıram sivil mübarizə daim davam edəcək. Ölkədə kim haqqı deyir, olur radikal. Bizi danışığımıza görə tutublar, ancaq yenə də susdura bilmirlər. Deyirik, öldürün, deyirlər, şəhidlik imkanının sizə vermərik. Bu zalımların sonu olacaq. Biz istəyirik Azərbaycanda hər şey sivil yolla olsun".

Dinin inkişafı zalım hakimlərin sayəsində baş verib

Fasilədən sonra təqsirləndirilən şəxslərdən Ramil Əliyev ifadə verib. O bildirib ki, sonda xalq onların günahsız olduqlarının şahidi oldu:

"Bütün imamlar zalım hakimlərin dövründə yaşayıblar və çox qurban veriblər. Dinin inkişafı zalım hakimlərin sayəsində baş verib. "Bandotdel"də mənim başıma o qədər vurdular ki, axırda huşumu itirdim. Mənim əsəblərim orada pozulub".

O, hakimlərə də müraciət edib:

"Sizin üzərinizə böyük məsuliyyət düşür. Hakim öz hakimiliyini Allahdan alır. Allah sizə bunu qismət edib. Qəlbində Allah qorxusu olan şəxsin bizim işimizə baxmasını istəmirəm. Əgər ailənizi, özünüzü düşünürsünüzsə, bu işə baxmaqdan imtina edin".

Hakim M.Bayramov isə ona təşəkkür edib və mahiyyəti üzrə ifadə verməsini istəyib. R.Əliyev isə ifadəsinin davamında deyib ki, tutulan gündən hüquqları pozulub:

"Bizə qarşı edilənlər bütün Azərbaycan xalqına qarşı edilən hörmətsizlikdir. Biz hər zaman sözümüzü demişik. Bir cinayətin sübuta yetirilməsi üçün iki nəfərin şahidliyi kifayət edir. 68 nəfər deyir, "Bandotdel" bizə zülm edib, heç kim əhəmiyyət vermir. Əməliyyatçılar, müstəntiqlər deyirlər: "Bizə yuxarıdan belə tapşırıq verilib". Beləliklə, prezidenti, nazirləri gözdən salırlar. Müsəlmanlara olan zülmlər bitmir. Bilirik ki, bundan sonra da həbslər olacaq. Bizi də narahat edən məsələ budur. Din elə bir qüvvədir ki, onu yandırıb kül etmək olmur. Biz haqsızlığa etiraz etdiyimiz üçün buradayıq. Bütün ittiham əsassızdır. İşgəncə veriblər, nə desəydilər, imza edəcəkdim".

Daha sonra hakim deyib ki, təqsirləndirilən şəxslərin işgəncəyə məruz qalmalarının araşdırılması üçün Baş

Prokurorluğa müraciət ediləcək.

Məhkəmə prosesi fevralın 24-də davam edəcək.

Adları çəkilən şəxslərin bir qismi "Müsəlman Birliyi" Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.