Prezidentə 150 nəfər məhbusun siyahısı təqdim olunub

İlham Əliyev sərəncam imzalayıb

Novella Cəfəroğlu: Novruzda imzalanacaq Əfv fərmanı siyasi əhəmiyyətinə görə fərqlənəcək

Fevralın 16-da prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda komissiyaya 800-dən artıq müraciət daxil olduğu bildirilib.

Toplantı haqda "Report"-a danışan komissiyanın üzvü Rəşad Məcid 150 müraciətə baxıldığını söyləyib.

"Baxılan müraciətlərin yarısına müsbət rəy verilib. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində Əfv fərmanı imzalayacaq".

Fevralın 17-də keçirilən iclasda 100 müraciətə baxılıb. Bu barədə komissiya üzvü Mehdi Mehdiyev APA-ya bildirib:

"Ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib".

Novella Cəfəroğlu
Novella Cəfəroğlu.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Meydan TV-yə bildirib ki, onlar komissiyaya öz siyahılarını təqdim ediblər:

"Bizim siyahıda 27-34 nəfərin adı var. Məncə, Novruz Bayramı imzalanacaq Əfv fərmanı siyasi əhəmiyyətinə və əhatə dairəsinə görə əvvəlkilərindən fərqlənəcək. Bu dəfə siyasi məhbusların əksəriyyəti buraxılacaq. Bizim siyahının digərlərindən fərqi ondadır ki, sırf siyasi motivlə həbs olunanları müdafiə edirik. Əminəm ki, bu dəfə fərqli fərman olacaq".

O, təqdim etdikləri siyahıda ReAL sədri İlqar Məmmədovun, Seymur Həzinin, İlkin Rüstəmzadənin, Əli İnsanovun, Qiyas İbrahimin, Bayram Məmmədovun, Faiq Əmirlinin, Əbdül Əbilovun, Fuad Qəhrəmanlının, Fuad Əhmədlinin və digərlərinin olduğunu dedi:

"Nardaranda həbs olunanlara gəlincə, onların işinin yenidən araşdırmasına ehtiyac olduğunu bildirmişik. Amma hicab məhbuslarının bu dəfə azad olunacağına inanıram".