foto report.az

Lerik və Lənkəranın ucqar kəndlərilə əlaqə kəsilib

Elektrik naqilləri və dirəklər sıradan çıxıb

Cənub bölgəsinə güclü qar yağıb. Konkret olaraq, Lerik rayonunun ucqar kəndlərində qarın qalınlığı 1,5 metrə çatıb. Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. 

Bu barədə report.az yazır ki, rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Fevralın 17-dən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də, bəzi kəndlərdə işıq tamamilə sönüb. Elektrik naqilləri və dirəklər sıradan çıxıb. 

Lənkəranda isə qarın qalınlığı 15 santimetrə çatıb. Rayonun ucqar dağ kəndlərində qarın qalınlığı 1 metrdən çoxdur.

"Ucqar kəndlərlə əlaqə kəsilib və elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Fevralın 17-dən gecə yağan qar güclü küləklə müşahidə olunduğundan yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. Rayondakı texnikalar əsas yolların qardan və buz qatından təmizlənməsinə yönəldilib. Rayonun dağ kəndlərində yerləşən orta məktəblərdə davamiyyət minimuma enib",-deyə məlumatda bildirilib.