''Binaya qaz verin, donuruq''

MTK günahı Fövqəladə Hallar Nazirliyində, nazirlik isə MTK-da görür

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri "İlin Dörd Fəsli" (İDF) MMC-dən şikayətçidirlər. Onlar evlərində qazın olmadığını, donduqlarını deyirlər.

Sakinlərdən İlqar Hacıyev Meydan TV-yə bildirib ki, binaya 5 ilə yaxındır köçdükləri, ancaq hələ də qaz verilməyib:
"Burada 5 böyük, çoxbloklu bina var. Qalanları tək blokludur. Yalnız iki binada qaz var. Qazın verilməməsi ilə bağlı məhkəmələrə də müraciət etmişik. Şirkət əvvəllər 5-10 günə qaz veriləcəyini vəd etsə də, artıq 5 ildir qazsızıq. Halbuki, bura köçərkən qaz sayğaclarıyla bağlı hər mənzil sahibindən 700 manat alıb quraşdıracaqlarını vəd etdilər. Görünür həmin 700 manatı mənimsəyiblər. İndi də sayğac almağa pul yoxdur. Halbuki prezidentin 2009-cu il 30 noyabr fərmanına görə fiziki şəxslərə sayğaclar pulsuz verilir".

İlqar Hacıyev deyir ki, şəhərciyin salındığı ərazi kənd təsərrüfatı təyinatlıdır. Bəlkə də ona görə qaz verilmir:

"13 hektarlıq kənd təsərrüfatı torpağıdır və bununla bağlı sənədimiz var".

"İlin Dörd Fəsli" MMC-nin Azər adlı əməkdaşı Meydan TV-yə bildirdi ki, hal-hazırda həmin ərazidə Fövqəladə Hallar Nazirliyi baxış keçirir:

"Komissiya yaradılıb. Yalnız həmin komissiya rəy verəndən sonra qaz çəkilə bilər. Sayğaclar qoyulub, qalıb rəy. Şəhərcikdə ümumiyyətlə 700-ə yaxın evə sayğac quraşdırılıb. Ancaq Fövqəladə Hallar Nazirliyinin rəyi olmadan qaz verə bilmərik. Bizə bir həftə, on günə baxacaqlarını deyiblər".

Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin sektor müdiri Kərim Ağayev isə bildirdi ki, gərək əvvəlcə Mənzil Tikinti Koperativi (MTK) nazirliyə müraciət etsin, sonra onlar binalara baxış keçirib, qazın verilməsini təsdiqləsinlər:

"Binanın dayanıqlılığını yoxlamadan rəy verə bilmərik. Onlar müraciət etmir. Bu bizim problemimiz deyil. Əgər müraciət olunubsa, burada baxılmayıbsa məktubu gətirsinlər dəqiqləşdirək müraciət olunub, ya yox. Burada günahın böyüyü MTK-dadır. Binaları tikib başa çatdırmırlar, camaatı qoyurlar pis vəziyyətdə. Dəfələrlə demişik ki, vaxtında müraciət edin, yoxlayaq, qaz çəkilsin, ancaq etmirlər. Bizə sənəd verilməyibsə, biz necə baxaq? Sakinlər Prezident Administrasiyasına, məhkəmələrə üz tutsunlar".

Kərim Ağayev deyir ki, indiki şəraitdə MTK-lar özbaşınadır. Sakinlər məcbur etməsə, müraciət etmirlər:

"Müqavilə ilə mənzili camaata satıb, pullarını alıblar. Aldıqları pulun içində binanın təhvil verilməsinə qədər olan xərclərin hamısı var. Bunlar isə camaatı yarımçıq, alababat köçürürlər, sənədləşdirməni, təhvil verilməni və s. həll etmirlər. Bütün bunların zülmünü də əhali çəkir. Sakinlər aktiv olmasa, MTK sədrinin vecinə deyil".