Növbəti valyuta hərracı keçirilib

Son həftələr manat dollar qarşısında dəyər qazanırdı

Fevralın 16-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7351 səviyyəsində formalaşıb.

Sonuncu, fevralın 14-dəki hərracda dolların məzənnəsi 1.7296 manat olmuşdu. 

2017-ci il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. Artıq qiymətləri banklar müəyyən edir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.

Son həftələr manat dollar qarşısında dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. 

Manatın dollar qarşısında dəyər qazanmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyir ki, bu gün fundamental olaraq heç nə dəyişməyib. Nə dollar satan oyunçular artıb, nə neft bahalaşıb, nə idxaldan asılılıq azalıb, nə ölkəyə investorlar gəlib, nə ölkənin reytinqi artıb:

“Ancaq manatın məzənnəsi qalxıb. Proses müvəqqətidir. Görürəm ki, ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşması gözləntiləri yaranıb. Biznes belə çevik deyil, məzənnənin qiymətlərə həmən təsiri olmur, ola da bilməz. Çünki biznes özünü də sığortalayır, müqavilələr öncədən bağlanılır. Bu gün bazarda olan mallar əvvəlcədən alınıb. Bəlkə də 1,90-1,95 olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də, məzənnənin qiymətlərə təsiri olmayacaq”.