İqtisadçı: Bank əmanətləri son bir ildə 1,9 milyard dollar azalıb

Nemət Əliyev

604 milyon dollar - bir ayda banklardan geri çəkilən əmanətdir

“Bir ay ərzində 604 milyon dollar əmanət və depozit bank sistemindən kənara çıxarılıb. Banklar kənara maliyyə axınını durdura bilmirlər”, - iqtisadçı Nemət Əliyevin sözləridir. 

O bildirir ki, əhalinin banklarda “dollarla” saxladığı əmanətlərin həcmi 2016-cı ilin dekabrında 216 milyon dollar azalıb: 

“Həmin ay maliyyə və qeyri-maliyyə təşkilatlarının xarici valyutada saxladığı depozitlərin həcmi isə 277 milyon dollar edib. Bu dövrdə “manatla” saxlanan əmanət və depozitlərin ümumi həcmində də 72 milyon manat azalma olub”. 

Nemət Əliyev bildirir ki, ümumiləşdirmə aparıb dollarla ifadə etsək, məlum olar ki, bir ayda bank sistemini 604 milyon dollar məbləğində əmanət və depozit tərk edib: 

“Beləliklə, aydın olur ki, dekabrda maliyyə-resurs imkanlarının daralması səbəbiylə bankların vəziyyəti daha da pisləşib. Böhranın durdurulmasına dair verilən rəsmi anonslara inansaydıq, əksi olmalı, depozit və əmanətlərin həcmi artmalı idi. Lakin faktlar rəsmi anonsların əksini, yəni "pisləşməni" təsdiq edir. Göstərir ki, bank əmanətləri son bir ildə 1,9, iki ildə isə 5 milyard dollar azalaraq 4,2 milyarda düşüb”.