Bakı
Bakı

9 ölkə Azərbaycandakı vəziyyətlə bağlı mövqeyini bildirib

"Oyan" Hərəkatı dövlətlərin xarici işlər nazirliklərinə sual ünvanlayıb

Avropada fəaliyyət göstərən "Oyan" Siyasi Hərəkatının Analitik Qrupu Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı 9 ölkənin münasibətini öyrənib. Qrup həmin ölkələrin Xarici işlər nazirliklərinə müraciət edib.

"Oyan" Hərəkatından Meydan TV-yə verilən məlumata görə, nazirliklərə ünvanlanan suallar bunlardır:

1. İnsan hüquqları universal öhdəlik olduğuna görə hər bir dövlət dünyanın istənilən yerində insan haqlarının pozulmasına reaksiya verməlidir. Bu öhdəliyə uyğun olaraq sizin hökumət Azərbaycanda insan hüquqlarının pozulması məsələsini Azərbaycan rəsmiləri qarşısında qaldırıbmı?

2. Əgər bu edilibsə, konkret olaraq hansı hüquq pozuntuları müzakirə mövzusu olub?

3. Sizin hökumət Azərbaycanda insan hüquqlarının pozulmasının qarşısını almaq üçün hansısa addımlar atıbmı və ya bunu etməyi nəzərdən keçirirmi?

Kanada: "Jurnalistlərə və fəallara qarşı repressiyadan narahatıq"

Kanada Xarici İşlər Nazirliyinin sözçüsü Jan Ostin müraciətə cavabında Kanadanın Azərbaycanda fundamental insan azadlıqlarına qarşı repressiyalardan, xüsusilə bunun jurnalistlərə və fəallara qarşı həyata keçirilməsindən narahat olduğunu bildirib. O, Kanada hökumətinin ATƏT çərçivəsində Azərbaycanda Leyla və Aruf Yunuslar və tanınmış jurnalist Xədicə İsmayılın işləri də daxil olmaqla insan hüquqlarına aid bir çox məsələnin qaldırılmasında iştirak etdiyini deyib. Jan Ostin Kanada hökumətinin müntəzəm olaraq Azərbaycan rəsmiləri ilə bu kimi narahatlıq doğuran məsələləri müzakirə etdikləri barədə də məlumat verib.

İrlandiya: İlqar Məmmədovun işi ilə bağlı Azərbaycan rəsmilərilə müzakirə aparılıb

İrlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin təmsilçisi Mairtin Kronin suallara cavabında öz hökumətinin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlığını ifadə etdiyini və bu məsələnin Avropa Şurası, BMT İnsan Hüquqları Şurası və ATƏT daxil olmaqla bir çox beynəlxalq qurumda qaldırdığını bildirib. O, İrlandiyanın Azərbaycandakı səfirinin 2016-cı ilin mart ayında İlqar Məmmədovun işi və insan hüquqları üzrə digər məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr apardığını deyib.

Niderland: Azərbaycandakı vəziyyət yaxından izlənilir

Niderland Xarici İşlər Nazirliyinin mətbuat katibi Kris Bakker suallara cavab olaraq Niderlandın Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti yaxından izlədiyini, ölkədəki vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə sıx əlaqə saxladığını bildirib. O, Niderlandın Azərbaycanda xüsusi narahatlıq doğuran insan hüquqlarının pozulması hallarının Azərbaycanın hakimiyyət təmsilçiləri ilə ikitərəfli və çoxtərəfli səviyyələrdə müntəzəm müzakirət etdiyini deyib. Bu dialoqa nümunələr kimi 2016-cı ilin fevralında Avropa İttifaqının Ali təmsilçisi xanım Mogerininin, Niderland Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə xüsusi təmsilçisinin 2016-cı ilin martında və 2016-cı ilin sentyabrında BMT-nin insan hüquqları üzrə eksperti cənab Forstun Azərbaycana səfərləri göstərilir.

K.Bakker həmçinin Niderlandın Avropa İttifaqına üzv olan digər ölkələrlə birlikdə və Avropa Şurası, ATƏT kimi qurumlarda Azərbaycanda insan hüquqlarının pozulması məsələsini diqqətdə saxladığını bildirib: "Niderlandın Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına necə riayət etməsinin monitorinqində iştirakı buna misal ola bilər.

2016-cı ilin oktyabrında Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Hüquqları üzrə Avropa İttifaqı – Azərbaycan alt komitəsində insan hüquqlarının qorunması üçün milli qanunvericilik, konstitusiya islahatlarının inkişaf etdirilməsi, seçkilər və seçki qanunvericiliyi, ifadə və məlumat azadlığı, sərbəst toplaşma azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyəti də daxil olmaqla geniş mövzulu məsələlər barədə danışıqlar aparılıb".

Niderland XİN mətbuat təmsilçisi həmçinin ölkəsinin Azərbaycanla açıq dialoq tərəfdarı olduğunu və bunun üçün insan hüquqları məsələsinin əsas mövzu kimi götürülməsinin vacibliyini bildirib.

Danimarka: QHT üzvlərinin, jurnalistlərin və hüquqşünasların təqib olunmasına etiraz edilib

Danimarka Xarici İşlər Nazirliyinin mətbuat katibi Yohannes Lek suallara cavabında ölkəsinin 2015-ci il ərzində Avropa İttifaqı və digər təşkilatlarda Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti, ifadə azadlığına qarşı təzyiqlər məsələsini qaldırdığını bildirib. O, Danimarkanın Azərbaycanda hüquq müdafiəçilərinin, QHT üzvlərinin, jurnalistlərin və hüquqşünasların təqib olunmasına etirazını bildirdiyini, hüquq müdafiəçiliyi və vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olduqlarına görə həbs olunanların azad edilməsinə çağırış etdiyini deyib.

Digər formatlarda Danimarka BMT İnsan Hüquqları Şurasının Universal Dövri Dinləməsində Azərbaycanda insan hüquqlarının pozulması hallarını özü ayrıca və ya Avropa İttifaqı ilə birlikdə qaldırır.

Finlandiya: İnsan haqları məsələsi diqqətdədir

Finlandiya Xarici İşlər Nazirliyinin əməkdaşı Jaana Rantaanen tərəfindən suallara verilən cavabda bildirilib ki, Finlandiya hökuməti Azərbaycanda insan hüquqlarının qorunması işini Avropa İttifaqı çərçivəsində aparır və birgə fəaliyyətə misal olaraq Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Hüquqları üzrə Avropa İttifaqı – Azərbaycan alt komitəsində görülən son işləri göstərmək olar. Komitənin sonuncu görüşü 2016-cı ilin oktyabrında Bakıda keçirilib və insan hüquqlarına aid çox sayda məsələ müzakirə edilib.

J.Rantaanen həmçinin deyib ki, insan hüquqları məsələləri Finlandiya və Azərbaycanın hökumət təmsilçiləri arasında müxtəlif səviyyələrdə keçirilən görüşlərin daimi müzakirə mövzusudur. Bu məsələlərə qanunun aliliyi və demokratiya, nitq və mətbuat azadlığı, vətəndaş cəmiyyəti, xüsusilə insan hüquqları müdafiəçilərinin fəaliyyətinə imkan yaradılması daxildir.

Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti kimi konkret məsələlər ictimaiyyət qarşısında, məsələn, Finlandiya prezidenti Sauli Niinistonun 3 may 2016-cı ildə YUNESKO/Gilyermo Kano Dünya Mətbuat Azadlığı Mükafatı mərasimindəki nitqində səsləndirilib.

Polşa: Avropa Şurasının təmsilçiləri Azərbaycanda insan haqlarının pozulmasını davamlı tənqid edən şəxslər olublar

Polşa Xarici İşlər Nazirliyinin mətbuat ofisinin əməkdaşı Rzeçnik Prasovıy suallara göndərdiyi cavabında bildirib ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət beynəlxalq təşkilatları daim narahat edən mövzudur. Bu sahədə Avropa İttifaqı (ATƏT və Avropa Şurası ilə bağlı işçi qrupda aparılan müzakirələrdə), Avropa Şurası və ATƏT-də davamlı olaraq mənfi rəy formalaşıb.

Avropa Şurasının baş katibi Torborn Yaqland və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks (Polşadan) son illər Azərbaycanda insan hüquqlarının pozulmasını davamlı tənqid edən şəxslər olublar. Onlar Azərbaycanda qanunsuz həbslər, jurnalistləri hədəfə alan ayrı-seçkiliklə aparılan istintaqlar, sərbəst toplaşma azadlığının pozulması və QHT-lərin fəaliyyət imkanlarının məhdudlaşdırılmasından narahatlıqlarını ifadə ediblər.

Daha sonra R.Prasovıy bildirib ki, bu il beynəlxalq diplomatik cəhdlər nəticəsində Leyla və Arif Yunuslar, Xədicə İsmayılova da daxil olmaqla bir sıra tanınmış hüquq müdafiəçiləri və jurnalistlərin azadlığa buraxılmasına və ya məhkəmə hökmlərinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsinə nail olunub. Biz beynəlxalq təşkilatların insan hüquqlarına hörmət çağırışlarına cavab olaraq 2016-cı ildə müxalifətçilərin və hüquq müdafiəçilərinin azadlığa çıxmasını təmin edən iki amnistiyanın həyata keçirilməsini yüksək qiymətləndiririk.

Azərbaycan sonuncu dəfə 2014-cü ilin aprelində BMT İnsan Hüquqları Şurasının Universal Dövri Dinləməsində iştirak edib və Polşa Azərbaycan hökumətinə aşağıdakı tədbirləri görməyi tövsiyə edib:

- Həbsdə saxlanılma zamanı baş vermiş bütün işgəncə və ölüm hallarının dərhal və effektli şəkildə istintaqının aparılsın və təqsirkarlar mühakimə olunsun;
- İfadə azadlığının tam təmin edilməsi üçün bütün tədbirlər görülsün;
- İfadə azadlığını məhdudlaşdıran bütün birbaşa və dolayı məhdudiyyətlərdən istifadə dayandırılsın və ifadə və sərbəst toplaşma hüquqlarının tam həyata keçirilməsi üçün effektli tədbirlər görülsün;
- Həbsxanalarda şərait yaxşılaşdırılsın.

Azərbaycan ilk üç tövsiyəni qəbul edib və dördüncünü nəzərə alacağını bildirib.

R.Prasovıy həmçinin deyib ki, 2014-cü ilin 10 avqustunda Polşa Xarici işlər Nazirliyi Azərbaycanda insan hüquqlarının pozulmasından narahatlığını bildirən və Azərbaycan hakimiyyətini müxalifət fəallarına qarşı repressiyaları dayandırmağa, ölkənin beynəlxalq öhdəliklərinə hörmət etməyə çağıran bəyanat verib. Bəyanat 2014-cü ilin iyulunda bir neçə hüquq müdafiəçilərinin (Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev) həbsinə cavab olaraq verilib.

O, Polşanın 2015-ci ilin iyununda keçirilmiş İnsan Hüquqları Şurasının 29-cu sessiyasında BMT-yə üzv olan 25 ölkə ilə birlikdə Azərbaycanda insan hüquqlarının vəziyyəi barədə İrlandiya tərəfindən verilən bəyanata qoşulduğunu da qeyd edib.

Norveç: İnsan hüquqları məsələsi dialoqların ənənəvi mövzusudur

Norveç Xarici İşlər Nazirliyindən suallara cavabda bildirilib ki, insan hüquqları Norveç hökumətinin Azərbaycan da daxil olmaqla digər dövlətlər ikitərəfli siyasi dialoqunda ənənəvi mövzudur. Hansı konkret mövzuların müzakirə edildiyi barədə isə ictimaiyyətə məlumat vermək məqbul sayılmır.

Litva: Xədicə İsmayılovanın azadlığa buraxılması alqışlanır

Litva Xarici İşlər Nazirliyindən suallara cavabda bildirilib ki, Litva bütün beynəlxalq forumlarda insan hüquqlarını fəal müdafiə edir və insan hüquqları Azərbaycanla ikitərəfli əməkdaşlığın ayrılmaz hissəsidir. Litva Azərbaycanın Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ilə əməkdaşlığını, öhdəliklərini dəstəkləyir və Avropa üçün əsas olan dəyərlər bu qurumlar çərçivəsində və ikitərəfli görüşlərdə qaldırılır.

Litva məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayır və bunu Azərbaycanın öz beynəlxalq öhdəliklərinin yerinə yetirməsində və Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməsində
növbəti addım hesab edir. Cavabda qeyd olunur ki, Litva Azərbaycanı beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarının təmin olunmasında inkişafa çağırır.

İsveçrə: Azərbaycanla bir çox mövzuda dialoq aparılır

İsveçrə Xarici İşlər Nazirliyi cavabında bildirib ki, bu ölkə Azərbaycanla insan hüquqları da daxil olmaqla bir çox mövzuda dialoq aparır. Sonuncu dəfə İsveçrənin federal kansleri Didiye Burkhalter Azərbaycan rəsmiləri ilə 2016-cı ilin oktyabrında görüşərək, insan hüquqları məsələsini müzakirə edib. İsveçrə insan hüquqları üzrə davamlı və universal öhdəliyə malikdir və BMT, digər beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası ilə fəal əməkdaşlıq edir. İsveçrə həmçinin Cənubi Qafqazda insan hüquqları üzrə layihələr həyata keçirən vətəndaş cəmiyyəti qurumlarına yardımlar göstərib.

"Oyan" Analitik Qrupu digər ölkələrdə yaşayan azərbaycanlılara da tövsiyə edir ki, yaşadıqları ölkələrin hökumətləri tərəfindən Azərbaycanda insan hüquqlarının pozulmasına münasibət öyrənsinlər.