foto Reuters

"Moody's": 2017-ci ildə Azərbaycan üçün əsas problem inflyasiya olacaq

''Azərbaycanın xarici valyutada borcunun MDB-də ən yüksək ölkələrdən biri olduğu və bu ildə xarici valyutada borcun dövlət borcunda xüsusi çəkisinin bir qədər azalaraq 77 faiz enəcəyini proqnozlaşdırılır''

"Moody's" beynəlxalq reytinq agentliyi "MDB ölkələrinin müstəqil reytinq perpektivləri" adlı hesabatında 2017-ci ildə Azərbaycanda müşahidə olunan nisbətən yüksək inflyasiyanın davam edəcəyini bildirib.

Məlumatı report.az yayıb.

Hesabatda Azərbaycanın hələ də inflyasiya ilə mübarizə apardığı qeyd olunub.

"Moody's" Azərbaycanın region ölkələrinin əksinə, monetar siyasətini yumşaltmadığını qeyd edib. Buna səbəb kimi isə Azərbaycanın nefti qiymətlərinin kəskin azalmasına gec reaksiya verməsi amilini göstərib. Məhz bu səbəbdən "Moody's" Azərbaycanın bütün gücünü 2016-cı ildə inflyasiyanı nəzarət altına almağa sərf etdiyini xatırladıb.

"Moody's"-un ekspertləri hesab edir ki, sabit neft qiymətləri Azərbaycanın yenidən makroiqtisadi genişlənmə həyata keçirə biləcəyini mümkün edəcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) siyasətini təhlil edən "Moody's" 2016-cı ilin sentyabrında artan inflyasiya və bank sektoruna təzyiqlər nəticəsində uçot dərəcəsinin 9,5%-dən 15%-dək artırılması siyasətinin ən azı 2017-ci ilin başlanğıcında da davam etdiriləcəyini bildirib.

"Moody's" Azərbaycanın aşağı borc səviyyəsini, önəmli valyuta ehtiyatlarını və 2016-cı ilin ilk yarısında büdcə icrasının effektivliyinin gələcəkdə fiskal xərclərin artırılmasına kömək edəcəyini də qeyd edir.

Qurum bu il də MDB ölkələri üzrə Borc/ÜDM əmsalının 1,4 faiz bəndi, 2018-ci ildə 1,3 faiz bəndi artacağını proqnozlaşdırır. Azərbaycanda isə gələn ildən etibarən bu göstəricinin azalacağı, 2017-ci ilə gəlincə, borcun ÜDM-də xüsusi çəkisinin 39% olacağı gözlənilir.

"Azərbaycanın xarici valyutada borcunun MDB-də ən yüksək ölkələrdən biri olduğu və 2017-ci ildə xarici valyutada borcun dövlət borcunda xüsusi çəkisinin bir qədər azalaraq 77%-ə enəcəyini proqnozlaşdırılır",-hesabatda belə qeyd olunub.