Prokuror Şahin Sultanova 13 il iş istədi

Şahin Sultanov foto APA

Vitse-admiral son söz deyəcək

Yanvarın 12-də Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun növbəti məhkəmə iclası keçirilib.

Meyndan TV-nin məlumatına görə, iclasda çıxış edən prokuror Şahin Sultanovun məhkəmə zalından həbs edilərək, 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə iclası yanvarın 13-də keçiriləcək. Həmin gün vitse-admiral son söz deyəcək.

HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Lakin sonradan onun barəsində olan həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.