Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım veriləcək

İlham Əliyev sərəncam imzalayıb

İşi Diaspora Komitəsi icra edəcək

Xaricdə yaşayan aztəminatlı azərbaycanlı ailələrinə də sosial yardım veriləcək. İşi Diasporla iş üzrə Dövlət Komitəsi icra edəcək.

Məsələ “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun tətbiqi barədə prezident İlham Əliyevin 2003-cü ildə verdiyi fərmana edilən dəyişiklikdə öz əksini tapıb.

İlham Əliyev yanvarın 11-də bununla bağlı növbəti fərman imzalayıb.

Fərmana əsasən, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı Diasporla iş üzrə Dövlət Komitəsi icra edəcək. Yardımın göstərilməsi qaydalarını isə Nazirlər Kabineti müəyyənləşdirəcək.

Qanunda bundan əvvəl də xaricidə yaşayan azərbaycanlılara sosial yardım məsələsi əks olunurdu. Ancaq yardımın qaydaları və onu verəcək dövlət qurumu ayrıca göstərilmirdi.