‘‘Yeni tikililərdə qiymət artımı, təkrar mənzil bazarında ucuzlaşma var’’

Mənzil by sosial şəbəkə

Ramil Osmanlı: “Alqı-satqıda 30 faizdən çox azalma olub”

“2016-cı il Azərbaycanın təkrar mənzil bazarında qiymətlər düşüb”, - Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı belə deyib.

O, “Trend”ə ötən ilin birinci yarısında qiymət azalmasının daha dinamik olduğunu söyləyib: “Ay ərzində təqribən 3-5 faiz arasında qiymət dəyişməsi oldu. Amma yayda qiymət stabilləşdi, ilin sonlarında isə nisbi qiymət azalmaları müşahidə olundu. Ümumilikdə ötən il ərzində təkrar mənzil bazarında illik qiymət azalması təqribən 22 faiz civarındadır”.

“Yeni tikilən mənzillər bahalaşıb”

Yeni tikilən mənzillərə gəlincə, R.Osmanlı bu sahədə qiymət azalması olmadığını bildirib: “Əksinə qiymətlər artıb. Yeni tikililərdə də təkrar bazar var. Çünki şirkətlər mənzilləri satır və sonradan həmin mənzillər təkrar alqı-satqıya cəlb olunur. Şirkət tərəfindən satılan mənzillərdə qiymət azalması yoxdur. Hətta ötən 3 illik göstəricilərə baxsaq, qiymətlərin artdığını görərik. Şəhərin müxtəlif əraziləri üzrə 1 kvadrat metr üçün qiymətlərdə 40-50 faiz, bəlkə də çox artım olub”.

“Alqı-satqıda 30 faizdən çox azalma olub”

“İl ərzində həm təkrar, həm də yeni mənzil bazarında aktivlik aşağı səviyyədə olub. Hər iki istiqamət üzrə əməliyyatların sayında kəskin azalmalar var. İlkin ehtimallara görə, alqı-satqıda 30 faizdən çox azalma olub”, - deyir Ramil Osmanlı.

Sosial mənzillərin tikintisinin mənzil bazarında qiymətlərə necə təsir edəcəyinə gəlincə, ekspert prosesin ümumi mənzil bazarına təsir etməyəcəyini düşünür: “Sosial mənzillər qiymətlərin azalmasına təsir etməyəcək. Çünki həmin mənzillərin sayı ümumi mənzil dövriyyəsinin aylıq göstəricisindən bir neçə dəfə azdır. Deməli, sosial mənzillərin bazarda qiymətlərə hər hansı təsiri olmayacaq. Nəzərə alsaq ki, bu mənzillər müəyyən kateqoriyaya aid insanlara veriləcək, eyni zamanda mənzil alındıqdan sonra 3 il ərzində alqı-satqı predmeti ola bilməz. Bu baxımdan sosial mənzillərin bazarda istər qiymətə, istər ümumi dinamikaya hər hansı bir təsir göstərəcəyini düşünmürəm”.

Vəziyyətin düzəlməsi üçün nə lazımdır?

R.Osmanlı bu il mənzil bazarında qiymətlərin necə olacağı haqqında danışmağın tez olduğunu deyir: “Mənzil bazarı daha çox makroiqtisadi amillərə bağlıdır. Burada tendensiyanın dəyişməsi üçün ölkə üzrə makroiqtisadi göstəricilərin müsbətə doğru irəliləməlidir. Ən azından ölkədə gəlirlər kəskin şəkildə artmalı, manat sabitləşməlidir. Manatın məzənnəsi sabitləşməsə bazarda əməliyyatların sayı azalan xəttlə davam edəcək”.