Azərbaycana məhdudlaşdırıcı qanunvericiliyi islah üçün 4 ay vaxt qoyuldu

Human Rights Watch: “Hakimiyyət repressiyaları dayandırmır”

“Azərbaycan hakimiyyəti 2016-cı ildə də fərqli səsləri boğmaqla, bir vaxtlar canlı və müstəqil olan vətəndaş cəmiyyətini ağır vəziyyətə salıb”, - Human Rights Watch təşkilatının 2016-cı il Dünya Hesabatında (World Report 2016) belə deyilir.  

Hesabat dünyanın 90 ölkəsində yaşayan insan hüquqlarının vəziyyətindən bəhs edir. Bu sahədə hökumətlərin fəaliyyətinə diqqət çəkir.

Azadlıq radiosu yazır ki, hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, hakimiyyət siyasi motivlərlə məhkum etdiyi 17 nəfər jurnalist və siyasi fəalı azad edib, lakin elə həmin il həbs olunanlarla birlikdə 25 hökumət tənqidçisini hələ də həbsdə saxlayır:

“Məhdudlaşdırıcı qanunlar ölkədə QHT-lərin fəaliyyətini hələ də mümkünsüz edir. İl ərzində məhbuslar və saxlananlara işgəncə verildiyi, onlarla pis rəftar edildiyi barədə xəbərlər gəlir. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı Azərbaycanın bu qurumdakı tam üzvlüyünü bərpa etməkdən imtina edib”.

Təşkilat Azərbaycana özünün məhdudlaşdırıcı qanunvericiliyini islah etməsi üçün 4 ay vaxt qoyub:

“Azərbaycanda hakimiyyət tənqidçilərinin təqibləri və mühakimələri davam etdirilir. Hətta ötən martda İlham Əliyevin həbsxanadan azad etdiyi 13 jurnalist barəsində qondarma siyasi motivli ittihamlar qaldırılmayıb. Prezidentin əfv fərmanı ilə azad olunanların əksəriyyətinin üzərində səfər qadağası var. Həbsxanadan azad edilmiş jurnalistlər üçün peşə fəaliyyətlərini bərpa etmək də təhlükəlidir”.

Hesabatda deyilir ki, həbxanadan azad edilmiş hüquqşünas İntiqam Əliyev, jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayılova heç bir xarici ölkəyə səfər edə bilmirlər. Onlar barəsindəki cinayət işlərinə xitam verilməyib:

“Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq REAL hərəkatının lideri İlqar Məmmədov həbsxanadan azad olunmur. Gənc fəallar İlkin Rüstəmzadə, Murad Adilov, jurnalist Seymur Həzi və bloqqer Abdul Adilov hələ də həbsxanadadırlar”.

Hesabatda o da deyilir ki, ötən ilin avqustunda, konstitusiya referendumu ərəfəsində hökumət səkkiz fəalı narkotik maddə, xuliqanlıq, qızışdırıcılıq və qanunsuz biznes fəaliyyəti də daxil saxta və siyasi motivli ittihamlarla həbs edib. Bundan başqa hakimiyyət bir sıra fəalları Amerikada mənzillənmiş müsəlman-türk vaiz Fətullah Gülənə aid ədəbiyyatı qaçaqmalçılıq yolu ilə xaricdən gətirməkdə ittiham edib:

“Bu iş üzrə həbs edilənlərin arasında “Azadlıq” qəzetinin direktoru Faiq Əmirov, REAL liderlərindən Natiq Cəfərli də vardı. Natiq Cəfərli məhkəmədən əvvəl azad edilib”.

Hesabatda deyilir ki, bundan əvvəl hakimiyyət orqanları müxalif AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını, partiyanın lideri Əli Kərimlinin müşaviri Məmməd İbrahimi, partiyanın gənc fəalı Elvin Abdullayevi qondarma ittihamlarıla həbs etmişdi.

Hesabatın Azərbaycana aid fəslinin media azadlığı bölümündə qeyd olunur ki, müstəqil media qurumları qısnama və bağlanma təhlükəsi ilə üzləşməkdə davam edir, hakimiyyəti tənqid edən jurnalistlər onların susdurulmasına yönəlmiş hədə-qorxu ilə qarşılaşırlar.

Təkcə ötən apreldə Berlində mənzillənmiş müstəqil Meydan TV saytı ilə əməkdaşlıq edən 15 jurnalistə qarşı iqtisadi cinayət və vergidən yayınma maddələri üzrə cinayət araşdırmaları başlanıb.

2015-ci ilin dekabrında Meydan TV-nin sürgün edilmiş üç jurnalistinin qohumları məhkum ediliblər. Onlar sonradan, 2016-cı ilin aprelində əfvə düşüblər.

“Azadlıq” qəzeti borcla əlaqədar üzləşdiyi qısnamalarla bağlı nəşrini dayandırıb, özəl, lakin hökumətyönlü ANS TV Fətullah Gülənlə müsahibənin anonsunu verdikdən sonra lisenziyası ləğv olunub.

Hesabatda Nardaran hadisələri ilə bağlı həbslərdən və mühakimələrdən də söz açılır. Qeyd olunur ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları hökumət tənqidçilərindən bəzilərinin azadlığa buraxılmasını alqışlasalar da, hakimiyyətə insan haqlarının vəziyyətini yaxşılaşdırması üçün təzyiq göstərə bilməyiblər.