Elgiz Qəhrəman son söz üçün vaxt istədi

Elgiz Qəhrəman

NİDA üzvünün son sözünün mətni əlindən alınıb

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus Elgiz Qəhrəmanın məhkəmə iclası keçirilib.

Meydan TV-nin xəbərinə görə, Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəmanın vəkilləri Nemət Kərimli və Fariz Namazlı çıxış ediblər. Onlar E.Qəhrəmanın əsassız olaraq, saxta ittihamlarla həbs olunduğunu, istintaq zamanı təzyiqlərə məruz qaldığını bildiriblər. Vəkillər E.Qəhrəman barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Daha sonra E. Qəhrəmana son söz demək təklif edilib. O bildirib ki, son sözünü hazırlayıb. Lakin məhkəməyə gələn zaman saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən həmin qeydlər əlindən alınıb. O, çıxışa hazırlaşmaq üçün vaxt və bu haqda təcridxana rəhbərliyinə müraciət edilməsini istəyib. Hakim isə onun belə səlahiyyətinin olmadığını deyib.

Proses yanvarın 16-da davam edəcək.

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.